Bir tərəfdən ABŞ-a əməkdaşlıq təklif edirlər, o biri tərəfdən anti-ABŞ təbliğatı aparırlar
Azərbaycan hökuməti daxili siyasətdə nə qədər qeyri-səmimi, riyakardırsa, xarici siyasətdə də bir o qədər ikiüzldüdür. Uzun illərdi ki, Azərbaycan hakimiyyəti Avropanı, ABŞ-ı söyməklə məşğuldu. Telekanallar, rejim təmsilçiləri Avropadakı ədalətsizliklərdən, ABŞ-dakı ikilistandartlardan dəm vururdu. Hər dəfə Qərbdən balaca tənqid sədaları gələndə, hökumət komandası tam heyətlə “mərsiyə” deyirdi.
Amma neftin qiyməti kəskin ucuzlaşdıqdan, ölkəni böhran bürüdükdən sonra hökumət yeni kurs götürüb. Daha doğrusu yeni kurs götürdüyünü bəyan edir. Avropalıları ölkəyə sərmayə qoymağa çağırırlar, ölkədə biznes forumlar keçirirlər, ölkə başçısı ABŞ-ın nümayəndə heyətini qəbul edir, ABŞ-la əməkdaşlığın yüksəldilməsinə maraqları olduğunu bildirirlər. Amma o biri tərəfdən ABŞ-ın maliyyələşdirdiyi media orqanlarına hücum çəkirlər. Yəqin ki, dünya tarixində bu taktika ilə hərəkət edən ikinci hökumət olmayıb. Ölkənin xaricdən maliyyə almağa ciddi ehtiyac duyduğu bir vaxtda, həm Avropayla, ABŞ-la əməkdaşlığa can atırlar, həm də “Azadlıq radiosu”nu, “Amerikanın səsi”ni hədəf seçirlər. Həm ABŞ-la dostluğun önəmindən danışırlar, həm də telekanallarda ABŞ əleyhinə təbliğat aparırlar. Bu gün ABŞ-a səfər edib münasibətlərin istiləşməsindən danışanlar, sabah müsahibə verib, bu dövlətin Azərbaycana qarşı qərəzindən, erməni lobbisinin təsiri altında olmasından söhbət açırlar.
Öz aləmlərində daxili auditoriyaya hesablanmış çürük təbliğatı qüvvədə saxlamaq istəyirlər. Başa düşmürlər ki, dövr dəyişib, həm dünya bu çirkli oyunları görür, həm də cəmiyyət hökumətin riyakarlığına şahidlik edir.
Əsas məsələ isə budur ki, hökumət hələ də normal siyasət yürütmək, dövlətin və xalqın maraqları naminə iş aparmaq fikrində deyil. Ən ağır vəziyyətdə belə imitasiyadan, şəxsi maraqlardan imtina etmirlər.
Ona görə də daxili siyasət kimi, xarici siyasət də bərbad vəziyyətdədir. Bugün Azərbyacan hökumətinin dostları dünyanın ən geridəqalmış ölkələridi. Çünki, bu ölkələr Azərbaycan hökumətindən demokratiya, şəffaflıq tələb etmir. Azərbaycan hökumətinin siyasətində də əsas meyar məhz budur.
Məhz bu riyakar siyasətin nəticəsidir ki, ABŞ-la dostlaşmaq istədiklərini bildirdikləri halda, ABŞ-ın maliyyələşdirdiyi qurumları sıradan çıxarırlar, ABŞ əleyhinə təbliğat aparırlar. Bu da bizim hökumətin ikilistandartıdır.
Belə sürüşkən siyasətlə nə Qarabağı azad etmək olar, nə ölkəni böhrandan çıxarmaq olar, nə də dünyada normal dövlət kimi qəbul olunmaq mümkündür.
Samir