Nemət Əliyev: «300 milyon pul əldə edəcəklər ki, bunu da bu mənasız oyunlara sərf edəcəklər»
“Kommunal xidmətlərin bahalaşması insanlara əlavə yük olacaq. İstər-istəməz digər məhsulların qiyməti də artacaq və ciddi problemlər yaranacaq”. Bunu deputat Vahid Əhmədov 2017-ci il dövlət büdcəsinin parlamentin komitələrinin bugünkü birgə iclasında aparılan müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, əhalidən kommunal xidmətlər üzrə ödənişlərin yığılması ən yaxşı halda 75%-ə çatırdı və bahalaşma buna heç də müsbət təsir etməyəcək. Kommunal ödənişlərin artırılmasından isə 300 mln. manat əlavə gəlir əldə olunması nəzərdə tutulur.
Bununla yanaşı, millət vəkili özəlləşdirmə proqramının bəzi mənfi məqamlarının da diqqətdə saxlanılmasını vacib sayır: “Təkcə dəmir yolunda 3 500 həkim işləyir, bunlar nə olacaq. Bu insanlara əlavə iş yeri və yaxud 3 aylıq kompensasiya verilməlidir”.
“Elm xərclərinə yenidən baxmaq lazımdır. Hüquq-mühafizə orqanlarına ayrılan büdcə vəsaitinin yoxlanılması həyata keçirilmir. Həmçinin, vəsaitin şəffaflığı üzərində mexanizmin qurulması vacibdir. Çünki bu sahəyə ayrılan vəsait büdcənin 17%-ni təşkil edir. Bundan başqa, sair xərclərdə artım görürük – 4 dəfə və bu, o qədər də yaxşı hal deyil”.
“Məhdudlaşdırılmamış maliyyə siyasəti aparılmalıdır. Manat öz yerini tutmalıdır. Mərkəzi Bankın bu istiqamətdə siyasəti düzgündür. Banklar kredit vermir, kreditləşmə faktiki olaraq dayandırılıb. Bu sektorun sağlamlaşdırılması daha geniş aparılmalıdır”, – deyə V.Əhmədov qeyd edib. (report.az)
Deməli Tarif Şurasının son qərarından sonra dövlət büdcəsi 300 milyon gəlir əldə edəcək. Amma bu gəlir ölkədə kəskin bahalaşmaya səbəb olacaq. Həm ərzaq məhsullarının qiymətinin qalxması, həm də xidmətin əlavə dəyər qazanması müşahidə ediləcək. Eyni zamanda əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək ki, bu elektrik enerjisinin istifadəsinə görə ödənişləri də azaldacaq.
Digər tərəfdən əhalinin maraqları neçənci dəfədir ki, nəzərə alınmır. Halbuki oliqarx banklarının sağlamlaşdırılması üçün vəsait ayrılan zaman vəsait ayrılması bu qədər «problemlə» üzləşmir. Və ya İslam Oyunları və Formula-1 üçün vəsait ayrılarkən səxavət nümayiş etdirilir. Amma əhalinin banklara olan borcları məsələsində güzəştə getməyən hökumət «banklar xeyriyə təşkilatı deyil» bəyan edir. Bu yanaşma devalvasiyadan ziyan çəkən vətəndaşların durumunu bir qədər də ağırlaşdırır.
İqtisadçı Nemət Əliyev vurğuladı ki, hökumət xalqın maraqlarını arxa plana keçirməyə öyrənib. Qiymətlərin artırılmasından 300 milyon gəlir əldə olunmasına gəlincə isə N.Əliyev bildirdi ki, bu vəsait növbəti il İslam Həmrəylik Oyunları və «Formula-1»in təşkili üçün xərclənəcək: «Deməli belə çıxır ki, bütün ölkəni həyatnan ölüm-dirim mübarizəsinə çəkməklə 300 milyon pul əldə edəcəklər ki, bunu da bu mənasız oyunlara sərf edəcəklər. Dərhal sual çıxır ki, bu oyunların Azərbaycan xalqına nə aidiyyatı var? Xalqın vəziyyəti çox ağırdır. Qiymətlərin bu dərəcədə məsuliyyətsizcəsinə qaldırılması bütün ölkə əhalisinin narahatlığına səbəb olub. Nə qədər gec deyil hökumət davranışlarında məsuliyyət hiss etməlidir. Xalqla bu tonda danışmağın ciddi fəsadları ola bilər. Qiymətləri qaldırmamışdan öncə hökumətin borcudur ki, əhalinin durumunu yaxşılaşdıran addımlar atsın».
Xəyal