MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəhbəri olmuş general Akif Çovdarov və onun tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun mühakiməsi davam edir. Noyabrın 30-da keçirilən məhkəməyə də Çovdarov 3 həkimin nəzarəti altında, oksigen balonu ilə gətirilib. Elə məhkəmə salonunda da bu vəziyyətdə olub.
MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Həbib Həsənov, Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət heyət, amma Sabunçu Rayon Məhkəməsinin binasında baxır.
Yenə də jurnalistləri məhkəməyə buraxmadıqlarına görə AzadlıqRadiosu orada olub-bitənlərdən vəkillər, dindirilən şahid və zərərçəkmişlər vasitəsilə.xəbər tutub.
“Uzun illərdi pul qazanırsız, ancaq nazirimizi indiyə qədər saymamısız”
Bugünkü məhkəmədə plastik boru istehsalı ilə məşğul olan “METAK” MMC-nin vəzifəli şəxsləri – maliyyə direktoru Fuad Zülfüqarov, təsisçisi Alik Kərimov və şirkətin direktoru Aydın Kərimov zərərçəkmiş kimi dindirilib. Onlar prokurorluğa ərizələrində Akif Əliyevdən şikayətçi olduqlarını göstəriblər.
Fuad Zülfüqarov deyib ki, hadisəni tam təfərrüatı ilə xatırlamır, istintaqdakı ifadəsini təsdiqləyir. Bu səbəbdən onun istintaqdakı ifadəsi elan olunub.
İfadəsində göstərib ki, şirkəti dayısı Alik Kərimov 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.
Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırmağa başlayıb. Səbəb olaraq isə bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazım olduğunu deyib.
“MTN-də mənə dedi ki, uzun illərdir işləyirsiz, pul qazanırsız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun , əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız”, – istintaqa ifadəsində belə yazılıb.
Fuad Zülfüqarovun sözlərinə görə, ondan 50 min istəniləndə bu pulu ancaq dayısının verə biləcəyini deyib. Dayısı da qərara gəlib ki, 10 min verilsin. Akif Əliyevlə növbəti görüşdə bu məbləğ ona çatdırılıb.
“Oğlumu oğurlayıb 50 min istədilər”
Şirkətin təsisçisi Alik Kərimov da məhkəmədə dindirilib. O, verilən 10 min manatın ondan alındığını deyib. Eyni zamanda, həmin pulu indi tələb etmədiyini, Akif Əliyevə bağışlamaq istədiyini məhkəmənin diqqətinə çatdırıb.
Alik Kərimov əlavə edib ki, əslində, onun şikayəti MTN-də çalışan Natiq Alıyevdən olub. Oğlunun oğurlandığını deyən zərərçəkmiş buna görə adıçəkilən şəxsi günahlandırıb: “Oğlumu oğurladılar. Məndən 50 min tələb etdilər. Mən Akif Çovdarovdan bu işə görə kömək istədim. Mənim şikayətim Natiqdən idi. Ancaq istintaqda nədənsə belə göstərilib”.
Çovdarov komaya düşür
Məhkəmədən sonra Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə açıqlamasında yenə generalın səhhətindəki problemlərə laqeydlikdən gileylənib. Deyib ki, məhkəmədə fasilə zamanı Akif Çovdarovun səhhəti ağırlaşıb, şəkəri qalxıb: “Artıq Çovdarov komaya düşür. Bizim tələbimizlə həkimlər də bunu gördü. Hakim də həkimə deyir ki, “şərbət verin içsin”. Bizim etirazlarımıza baxmayaraq, Akif Çovdarovu bu vəziyyətdə məhkəməyə gətiriblər”.
Məhkəmə dekabrın 5-də davam edəcək.