Erməni gülləsindən qaçıb canını qurtaranlar, hökumətin biganəlik gülləsinin qurbanı olurlar
Ölkənin başının üstünü faciələr buludu alıb. Hər gün dəhşətli hadisələrin, sosial –iqtisadi vəziyyətin ağırlaşmasının, insanların ah-naləsinin şahidi oluruq. Amma ölkədə bu qədər eybəcər mənzərənin yaranması hökuməti qətiyyən narahat etmir. Hökumət yalnız inkişafdan danışır və vətəndaşın naləsini qulaqardına vurur.
Bu gün daha bir dəhşətli hadisə baş verdi. Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb. Nəticədə ata, ana və iki azyaşlı oğul yanaraq ölüb. Bəli, bu dəhşətli yanğın 4 insanın həyatını aldı. Füzuli rayonundan məcburi köçkün düşmüş bir ailə məhv oldu.
Bu ölkədə illərdi ki, bir “ənənə” mövcuddur. Hökumət öncədən heç bir faciənin qarşısını almır. Həmişə qəza tədbirləri görmək, nəticəyə görə hərəkət etmək yolunu tuturlar. Hansıki, hökumət məsuliyyət hiss etsəydi nə Binəqədidəki yanğın baş verərdi, nə dənizdəki faciəli hadisə olardı, nə yüzlərlə insan intihara cəhd edərdi, nə də ölkə uçuruma yuvarlanardı.
İndi Nizami rayonunda baş verən bu faciədən sonra Nizami rayon İcra başçısı Arif Qasımov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər rəsmi şəxslər hadisə yerinə gəliblər. Vəd veriblər ki, yanan bina yenidən bərpa olunacaq, problem aradan qaldırılacaq. Məsələ burasındadır ki, Bakıda belə binalar kifayət qədərdi, yanğın təhlükəsi olan binalar haqqında aidiyyatı qurumların xəbəri var. Elə mənzillər var ki, yanğın baş verərsə söndürülməsi qeyri-mümkündür, havasızlıqdı. Yüzlərlə müraciətə, şikayətə baxılmır, boş vədlər verilir və faciə baş verəndən sonra əl-ayağa düşürlər.
Bir ailənin məhv olmasından sonra hadisə yerinə gəlməyin nə mənası var? Niyə öncədən gözlənilən təhlükələrə qarşı tədbir görülmür. Milyardlarla vəsait mənaszı layihələrə sərf olunur, dünyanın müxtəlif yerlərində xeyriyyə tədbirləri keçirilir, amma Sovet dövründən yarımçıq qalmış binaların təmirinə pul tapılmır. Belə çıxır ki, bu ölkədə təhlükədən qorunmaq üçün, hökumətə real vəziyyəti başa salmaq üçün ailənin yarısı qırılmalıdır. Bu ölkədə ölməyənin səsi eşidilmir.
Bəli, məsuliyyətsizlik, biganəlik daha bir ailəyə son qoydu. Erməni gülləsindən qaçıb canını qurtaranlar, hökumətin biganəlik gülləsindən ölürlər.
Akif