«Onların haqlı tələblərinin müdafiəsi üçün bacardığımız dəstəyi verəcəyik»
Vicdan məhbuslarının mayın 16-dan ölüm aclığına başlayacaqları barədə məlumat vermişdik. Vicdan məhbusları “Eurovision”a gələcək qonaqların və jurnalistlərin diqqətini cəlb etməklə qanunsuz olaraq həbs edildiklərini və həbsdə saxlandıqlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyirlər.
Aksiya iştirakçıları yarışmaya gələn müğənniləri və jurnalistləri saxlanıldıqları cəzaçəkmə müəssisələrinə də dəvət edəcəklər.
Vicdan məhbuslarının bu aksiyasına onların ailə üzvlərinin, Ictimai Palatanın təmsilçilərinin, ictimai-siyasi fəalların, həmçinin xaricdə yaşayan siyasi mühacirlərin də dəstək verəcəyi gözlənilir.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlı hesab edir ki, vicdan məhbuslarının məqsədi heç də “Eurovision” kimi böyükmiqyaslı bir yarışma ərəfəsində Azərbaycanın adına xələl gətirmək deyil. Sadəcə olaraq Azərbaycan hakimiyyətinin apardığı siyasət onları bu cür addım atmağa məcbur edir: “Onlar haqlı olaraq əllərinə düşmüş bu fürsətdən yararlanmağa çalışırlar. Əgər bu aclıq aksiyasından sonra Azərbaycanın adı növbəti dəfə mənfiyə doğru çəkiləcəksə, bunun günahı vicdan məhbuslarında yox, hökumətdədir. Çünki bu problemin səbəbkarı Azərbaycan hökumətidir. Əgər kimlərsə, onların yaratdıqları problemin həllini tələb edirsə, bu tamamilə normal haldır”.
Q.Muxtarlı Ictimai Palatanın üzvü olaraq vicdan məhbuslarının bu təşəbbüsünə dəstək verdiyini bildirib: “Bu, onların haqqıdır. Və bu haqqın müdafiəsində biz də bacardığımız dəstəyi verəcəyik”.
Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə məsələnin bu gün şuranın iclasında müzakirə olunacağını və qərar qəbul ediləcəyini bildirib.