Razi Nurullayev: “Azərbaycan demokratiya sahəsində liderliyi ələ almasa, ABŞ bununla bağlı ciddi addımlar atmalı olacaq”
ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti bu dəfə bu ölkənin vitse-prezidenti Cozef Baydenlə görüşüb. Azərbaycan və türk icmasının üzvlərinin iştirak etdiyi görüşü rəsmi mətbuat Vaşinqtonun Azərbaycana diqqəti kimi qələmə verir. Lakin, məlumatlara görə, rəsmi Bakı hətta ABŞ prezidenti Barak Obamanın seçki fondunda da dolayısı formada maliyyə yardımları göstərir. Çünki Azərbaycanın bir sıra rəsmi şəxslərinin qatıldığı görüşə giriş pullu olub və bu vəsait Obamanın seçki kampaniyası üçün toplanıb. Görüş Cozef Baydenin bir sıra mesajları ilə də yadda qalıb. Belə ki, tədbirin sönük keçdiyini deyən ABŞ-ın vitse-prezidenti Türkiyənin regiondakı önəmindən danışıb və Azərbaycanı demokratiya sahəsində lider kimi görmək istədiklərini deyib. Görüşdə səslənən mesajlar nəyə işarədir və Azərbaycan mətbuatında bunun fərqli təqdim edilməsi nədən xəbər verir?
Məsələ ilə bağlı politoloq Razi Nurullayevin fikirlərini öyrəndik.
– ABŞ vitse-prezidentinin Azərbaycan və türk icmaları ilə görüşünün rəsmi mətbuatda Azərbaycana diqqət kimi təqdim edilməsinin səbəbi nədir?
– Əslində önəmli hadisə baş verməyib. Bu, dünyada mövcud olan praktikadır. Seçki kampaniyasına pul yığmaq üçün istifadə olunan vasitələrdən biridir. Sadəcə olaraq bu görüş Azərbaycanda başqa cür təqdim olunub. Cozef Bayden orda Azərbaycanın müttəfiqliyi ilə bağlı önəmli mesajlar da səsləndirib. Ancaq o deməyib ki, Azərbaycan iqtidarı ilə ABŞ müttəfiqdir. Bildirib ki, Azərbaycanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycan və xalqı ABŞ-ın müttəfiqidir.
– Bayden Türkiyənin regiondakı proseslərə təsirinin ABŞ-dan çox olduğunu deyib. Bu, bəzi məsələlərdə Türkiyə ilə mövqeləri üst-üstə düşməyən Azərbaycana mesaj ola bilərmi?
– Türkiyənin regionda mövqeyi həm güclüdür, həm də region ölkələrinə təsir etmək imkanları daha böyükdür. ABŞ Azərbaycandan uzaqda yerləşir. Belə məsafədən təsir imkanları elə də güclü ola bilməz. Amma ABŞ-ın dostu olan Türkiyə qonşulara təsir etmək gücündədir. Bu baxımdan Türkiyənin regiondakı rolunu nəzərə alaraq Bayden belə bir ifadəni işlədib. Buna qədər Türkiyənin xarici işlər naziri, baş naziri, prezidenti də xalqların azadlığı mübarizəsində onların yanında olduqlarını vurğulayıblar. Bu ifadələr Azərbaycan üçün də keçərlidir. Sadəcə olaraq Azərbaycanla Türkiyə arasında münasibətlər mənəvi dəyərlərə sökəndiyi üçün bunu birbaşa demirlər. Azərbaycandakı demokratik proseslərin dərinləşməsində ABŞ Türkiyənin daha böyük rolunu görmək istəyir. Qarşıdakı zamanlarda gözləyirəm ki, Türkiyə Azərbaycanla bağlı daha aydın və konkret fikirlər səsləndirməyə başlasın.
– Vitse-prezident Azərbaycanın demokratiyada lider olmasını istədiklərini də deyib. Bəs bu mesaj nədən xəbər verir?
– Azərbaycanla ABŞ arasında strateji müttəfiqlik var. O strateji müttəfiqlik həm enerji sahəsindədir, həm də antiterror əməlliyatlarının həyata keçirilməsində özünü büruzə verməkdədir. Bu baxımdan Azərbaycan MDB-də, xüsusilə Qafqazda önəmli rola sahibdir. Əgər Azərbaycanda demokratiya ABŞ-ın istədiyi kimi olmazsa, o zaman Vaşinqton ölkəmizə tam olaraq strateji tərəfdaş kimi baxa bilməyəcək. Bu mesaj o deməkdir ki, ABŞ Azərbaycanın təhlükəsizliyinin qorunması baxımından onu demokratik bir dövlət kimi görmək istərdi. Demokratik dövlət olarsa, o zaman Azərbaycana qarşı ABŞ-dan tətbiq olunan bir çox məhdudiyyətlər də aradan götürülə, Amerika şirkətləri, dövlət qurumları Azərbaycanla daha yaxşı əməkdaşlıq edə bilər. Bu da Azərbaycanın təhlükəsizliyinin qorunmasında böyük rol oynaya, gələcəkdə Amerika investisiyalarının sərmayələrinin qoyulmasına təkan verə bilər. Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, sərbəst toplaşmaq azadlığına əməl olunmaması, seçkilərin dünya standartlarına uyğun keçirilməməsi demokratiyanın inkişafına böyük əngəllər törədir, avtoritarizmin inkişafına yol açır. Bu baxımdan Baydenin mesajı ona yönəlib ki, Azərbaycan bu sahədə də liderliyi ələ almalıdır. Əks halda ABŞ bununla bağlı ciddi addımlar atmalı olacaq.
Fizzə