Koray Tarqay: «Azərbaycanda vəkillərin sayı normadan 10 dəfə azdır, Şəkidə cəmi 2, Gəncədə 3, Mingəçevirdə 3 vəkil var»
Azərbaycanda vəkillərin sayının az olması təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etməkdə bəzi problemlər yaradır. Hazırda Azərbaycan Vəkillər Kollegiyasının üzvlərinin sayının 738 nəfərdir ki, onların da yarıdan çoxu Bakıda fəaliyyət göstərir. Azərbaycan Vəkillər Kollegiyasının məlumatına görə, Bakı şəhərində vəkillərin sayı 544, rayonlarda isə 194 nəfərdir. ATƏT-in Azərbaycandakı səfiri Koray Tarqay bir müddət əvvəl APA-ya müsahibəsində müvəqqəti saxlama yerlərində saxlanılanların vəkillə əlaqə saxlamalarında müəyyən sıxıntılar olduğunu bildirib. O bunu ölkədə vəkil sayının az olması ilə əlaqələndirib:”190 min nəfər əhalisi olan Şəkidə 2, Gəncədə 3, Mingəçevirdə 3, Sumqayıtda 27 vəkil var”.
İntiqam Əliyev rəsmi qurumları suçlayır
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, ekspert Intiqam Əliyev isə Azərbaycanda vəkilliyin güclü instituta çevrilməsində maraqlı olmayan qüvvələrin olduğunu söyləyib: “Güclü və müstəqil vəkillik məhkəmə, hüquq-mühafizə orqanları sistemində özbaşınalığın, qanunsuzluğun və korrupsiyanın qarşısında ən böyük maneədir”.
I.Əliyev Azərbaycan vəkillərin sayının az olmasının bəzi səbəblərini açıqlayıb:”Vəkillər Kollegiyasının rəhbərliyinin fəaliyyəti, qeyri-müəyyən imtahan prosedurları, vəkil peşəsinin nüfuzunun aşağı düşməsi ölkədə vəkillərin sayının az olmasına gətirib çıxarıb. Vəkillər Kollegiyası üzvlərinin sayının az olmasına təsir göstərən amillərdən biri də qəbulla bağlı sərt qaydalardır. Imtahanlarda iştirak edən şəxslərin də, onun gedişini müşahidə edən qurumların da, əksər ekspertlərin də rəyi belədir ki, vəkilliyə imtahanların sualları hakimliyə imtahanın suallarından daha çətindir. Vəkilliyə imtahan verəcək adam bilmir ki, ona sual nədən düşəcək”.
Azər Tağıyev günahı üstündən atır
Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev isə vəkilliyə marağın az olmadığını bildirib:”Lakin bəzi bölgələrdə vəkillərin sayı azdır. Bunun birinci səbəbi odur ki, həmin ərazidən çox az sayda vəkil işləmək istəyən var. Şəki-Zaqatala zonasında bununla bağlı bəzi problemlər var. Ötən il Şəkidən cəmi bir nəfər vəkil kimi işləmək üçün müraciət edib, qəbul etmişik. Biz kimisə məcburi şəkildə hansısa bölgəyə təhkim edə bilmərik. Gərək müraciət olsun ki, biz də həmin yerə vəkil göndərək. Şəkidə 2 vəkilin olması əlbəttə ki, azdır və bu bizi çox narahat edir. Lakin bu bizdən asılı səbəb deyil. Bu gün Bakıda kifayət qədər vəkil var. Problem ondadır ki, bəzi bölgələrdə vəkillərə ehtiyac çox deyil. Elə bölgələr var ki, il ərzində cəmi 1 cinayət işi ya olur, ya olmur. Buna görə vəkil gedib orada daimi işləyə bilmir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycandakı bütün məhkəmələr vəkillə təmin olunur”.
Vəkillər Kollegiyasının sədri vəkillik üçün keçirilən test imtahanlarının suallarının çətin olması məsələsinə də aydınlıq gətirib:” Problem ondadır ki, vəkil olmaq istəyənlərin əksəriyyəti bizim imtahana saldığımız sadə suallardan keçə bilmir. Bu isə bizim yox, artıq təhsilin problemdir. 2011-ci ildə 605 nəfər vəkilliyə imtahan verdi, onlardan 230 nəfəri imtahandan keçə bilmədi”.
Aslan İsmayılov rüsvayçı statistika açıqladı
Tanınmış vəkil, “Viza” hüquq firmasının rəhbəri Aslan Ismayılov APA-ya açıqlamasında vəkilliyə marağın az olmasına Azərbaycan məhkəmələrində müstəqilliyin olmamasını səbəb göstərib:”Belə olmasaydı, 9 milyonluq əhalisi olan bir ölkədə cəmi minə yaxın vəkil fəaliyyət göstərməzdi. Halbuki Azərbaycanda ən azı 10 mindən artıq vəkil olmalıdır. Dünyada təxminən 2 min adama bir vəkil düşür. Hindistan kimi geridə qalmış bir ölkədə 1600 nəfərə bir vəkil, Amerika Birləşmiş Ştatlarında isə 300 adama bir vəkil düşür. Bundan əlavə, Azərbaycanda vəkillik peşəsinin inkişafı yoxdur. Hüquq fakültəsində təhsil alan bütün tələbələr ya prokuror, ya hakim, ya da müstəntiq olmaq istəyir. Azərbaycanda vəkil olmaq zəhmət hesabına dolanmaq deməkdir. Bunu isə istəyən azdır. Biz də hüquq firması olaraq Azərbaycanda vəkil sayının az olmasından əziyyət çəkirik. Azərbaycanda vətəndaş-polis, vətəndaş-məmur – hər kəs öz arasında problemi özü həll edir. Bunun üçün də vəkilə ehtiyac qalmır. Amma məsələlər daha çox məhkəmə müstəvisində həllini tapsa, ölkədə 5000 vəkil olsa belə, cəmiyyət vəkil azlığından narazılıq edər. Amma onu da qeyd edim ki, ölkədəki bütün vəkillər də şəffaf fəaliyyət göstərmir. Bu sahədə də peşəsindən sui-istifadə edənlər var”.