General-mayor Lənkəran Əliyev «Azadlıq»a danışdı
“Mənə qarşı haqsızlıq edilir, bir evimi əlimdən alıblar, indi də bu biri evi almaq istəyirlər”. Bu sözləri “Azadlıq”a Azərbaycan Silahlı Qüvvələrinin Akademiyasında qərargah xidməti kafedrasının rəisi general-mayor Lənkəran Əliyev evinin orderinin ləğv olunması barədə məhkəmə qərarına münasibət bildirərkən deyib.
General bildirib ki, ona qarşı haqsızlığın əsası 2009-cu ildə qoyulub: “O zaman mən Təlim Tədris Mərkəzinin rəhbəri idim. Qəfildən Mərkəzə yoxlama gəldi. Hərbi polis mənim xidmət rəislərimi apararaq dindirdi və öz istədiklərini yazdırdı. Bu ifadələrə əsasən də 42 günlük yoxlamanın nəticələri saxtalaşdırıldı və mən tutduğum vəzifədən azad edildim. Daha sonra barəmdə cinayət işi başlandı. Lakin Hərbi Prokurorluğun apardığı araşdırmalar zamanı mənə qarşı ittihamlar təsdiqini tapmadı və cinayət işinə xitam verildi. Yeri gəlmişkən, mənə qarşı irəli sürülən ittihamlarda iddia olunurdu ki, dövlətə külli miqdarda ziyan vurmuşam. Müdafiə Nazirliyinin rəhbərliyi məndən ziyanı ödəməyi tələb edirdi. Beləliklə də Ali Baş Komandanın 2004-cü ildə mənə hədiyyə etdiyi evi satdım və həmin ”ziyanı” ödədim. Məbləğ 30 min manat idi. Lakin bununla kifayətlənməyərək indi yaşadığım evi əlimdən almaq üçün iddia qaldırdılar. Mənə qarşı sanki qisas əməliyyatı keçirilir. Təsəvvür edin, qardaşım oğlu Emin Əliyev tədbir mərkəzini bitirdikdən sonra ona sertifikat verilmədi. Onu cəbhə bölgəsinə göndərdilər. Halbuki istər jurnalist, istər hüquqşünas, istər həkim olsun, əgər ali məktəbi yeni bitiribsə, onu heç vaxt çətin, məsuliyyətli işə qoymurlar. Əvvəlcə təcrübə keçilməlidir. Lakin mənim qardaşım oğlu ilə belə olmadı. Ona ən ağır iş tapşırıldı və qardaşım oğlu şəhid oldu. Mən hesab edirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyi, konkret olaraq nazir Səfər Əbiyev mənimlə ədavət aparır”.
Lənkəran Əliyevin Səfər Əbiyevin ona qarşı bu münasibətinin səbəbini anlamadığını deyib: “Mən anlamıram niyə belə edir. Mənə heç nə aydın deyil. Lakin fakt ondan ibarətdir ki, məndən qisas alınır”.
General-mayor, hətta Səfər Əbiyevlə görüşdüyünü, ondan baş verənlərin səbəbini soruşduğunu, lakin nazirin konkret heç bir söz demədiyini vurğulayıb. Lənkəran Əliyev bildirib ki, bundan sonra o, Ilham Əliyevə müraciət etməyi planlaşdırır: “Məcburam ki, Ali Baş Komandana müraciət edim. Başqa hər hansı addım atmağı planlaşdırmıram. Açığı, mənə qarşı olunan haqsızlıqlara biganə yanaşılması təəssüf hissi doğurur. Mən 32 təqvim ili hərbi xidmət keçmişəm. Və pis xidmət göstərməmişəm. Ali Baş Komandan tərəfindən yüksək rütbə almışam, müxtəlif mükafatlara layiq görülmüşəm. Lakin bu gün evimi əlimdən almaq istəyirlər. Və mən məcbur oluram düşünəm ki, kimi qorumuşam və niyə qorumuşam. Mənə qarşı edilənlər gənc hərbçilərə pis təsir edə bilər. Düşünə bilərlər ki, onların da sonları belə olacaq”.
Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyi Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib. Proses bu günlərdə başa çatıb.
Məhkəmənin qərarına əsasən, nazirliyin iddiası təmin olunub. Birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv edilib.
Nazirlik onunla yanaşı qızları – Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı iddia qaldırıb.
Lənkəran Əliyevin fikirlərilə bağlı Müdafiə Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.
Azad