«Der Tagesspiegel»: «Ilham Əliyev avtoritardır. O, müxalifəti əzir, seçkiləri saxtalaşdırır, söz azadlığını boğur»
Azərbaycanın builki “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməsi səbəbiylə Avropa mediasının, xüsusən də Almaniya məbtuatının ölkəmizdə baş verən ictimai-siyasi prosesləri yaxından izləməsi davamlı xarakter alıb. Almaniyada yayımlanan və dünyanın nüfuzlu nəşrlərindən olan qəzetlər Azərbaycanda avtoritar idarəçiliyin hökm sürməsini, ölkəmizdə insan haqları və söz azadlığının sərt formada məhdudlaşdırılmasını xüsusi qabardır. “Der Tagesspiegel” qəzetində ölkəmizlə bağlı növbəti məqalə yayımlanıb. Həmin məqalədə ölkəmiz insan haqlarının kobudcasına pozulduğu, söz və mətbuat azadlığına qarşı hücumların geniş vüsət aldığı Yaxın Şərq ölkələriylə eyni cərgədə xatırlanır.
“Der Tagesspiegel” qəzetində yayımlanan məqalədə deyilir: “Bəhreyndə ”Formula-1″, Qətərdə futbol üzrə dünya çempionatı və Azərbaycanda “Eurovision” musiqi yarışması: bunlar avtoritar ölkələrə özlərini reklam etmək imkanı yaradır. Mətbuat və beynəlxalq insan haqları təşkilatları həmin ölkələri bürüyən etiraz dalğası və oralarda yaşanan vətəndaş müharibələri barədə informasiyalar yayırlar. Bakıda bizi əyləncə gözlədiyini bilirik. Bakı Ilham Əliyevin idarə etdiyi Azərbaycanın paytaxtıdır. Ilham Əliyev avtoritardır. O, müxalifəti əzir, seçkiləri saxtalaşdırır, məbuat və söz azadığını boğur. Ancaq Əliyev “Eurovision” musiqi yarışmasının “qalibidir”. Onun ölkəsini təmsil edənlər ötən il Düsseldorfda keçirilən yarışmanın qalibi olub”.
Qəzet Almaniya təmsilçilərinin “Eurovison”a, “Formula-1″ yarışına qatılmasının yenidən nəzərdən keçirilməli olduğuna işarə vurur: ”Almaniya təmsilçi yarışmada iştirak etməlidirmi? O, alman vicdanı qarşısında nə etməli olacaq? Bəhreyndə bazar günü baş verənlər qarşısında da vicdana qulaq asmaq lazımdır. Bu neft adasında kral ailəsi hegemonluq edir. Burada da insan haqları, vətəndaş hüquqları, tolerantlıq və demokratiya Əliyevin Azərbaycanında olduğu kimi sərt qaydada məhdudlaşdırılır”.
“Der Tagesspiegel” avtoritar rejimləri beynəlxalq yarışlardan öz maraqları naminə istifadə etməkdə günahlandırır: “Bəhreyn və Azərbaycan hakimiyyətləri beynəlxalq yarışlardan reklam niyyətiylə yararlanmaq istəyir. Bunlarla bərabər dünyanın aparıcı mətbuat qurumları bu ölkələrdə baş verən qanun pozuntuları, insan haqları və söz azadlığının məhdudlaşdırılması, rejim əleyhinə etirazlar barədə məlumatlar yayır. Hətta müğənnilərlə dostluq, edənlər, musiqi həvəskarları, ən qatı ”Formula-1″ pərəstişkarı belə ədalətsizlik və antidemokratiya barədə məlumatlıdır. Müxaliflər ölkələrində baş verənlərə dünyanın diqqətini cəlb etmək üçün ciddi çalışırlar”.
Siyasət şöbəsi