Politoloq Çöhrəqanlının bəyanatını ciddi hesab etmir
Vəfa Quluzadə: «Belə fikirlər Iran iqtidarının xeyrinədir»
ABŞ-da yaşayan Güney Azərbaycan dissidenti Mahmudəli Çöhrəqanlı Iranın üç yerə bölünə biləcəyini deyib. O hesab edir ki, Pakistandakı Belucistan ərazisilə Irandakı Belucistan əraziləri vahid dövlət tərkibində birləşdiriləcək, Iraqətrafı Iran ərazilərinin isə kürd dövləti ərazisi olması, Iran neftinin 75%-nin cəmləşdiyi ərəblər yaşayan ərazilərə muxtariyyət hüququ verilməsi nəzərdə tutulur. Irana beynəlxalq baxış məhz belədir. Belə bir planın olması nə dərəcədə inandırıcıdır və bunu reallaşdırmaq mümkündürmü?
Politoloq Vəfa Quluzadə belə bir bəyanatı təxribat hesab edir. Çünki Iran kimi böyük dövləti parçalayıb bir hissəsini qeyri-stabil Pakistana, bir hissəsini isə qeyri-stabil Iraqa vermək mümkün deyil.
Ekspertin sözlərinə görə, belə fikirlər Iran iqtidarının xeyrinədir: “Iran hakimiyyəti xalqını onun vasitəsilə xəbərdar edir ki, baxın görün, Qərb bizi bu cür parçalamaq istəyir, ona görə Qərbə düşmən olmalıyıq”.
Ekspertin fikrincə, Qərb Iranı parçalamaqda maraqlı deyil: “Qərbə lazımdır ki, Irandakı rejim antiQərb, antiAmerika rejimi olmasın. Iran nüvə silahını hazırlamasın. Iranı parçalamaq Qərbin nəyinə lazımdır. Iran nə Iraqdır, nə Suriyadır, nə Tunisdir, nə də Yəməndi. Çox böyük dövlətdir, böyük imperiya olub, dövlətçilik ənənələri var. Iran xalqında da bu dəqiqə rejimi dəyişmək meylləri güclüdür. Ona görə inanmıram ki, Çöhrəqanlının dediyi düzgün ola bilər. Onun bəyanatları da təxribat xarakterlidir. Buna uymaq lazım deyil”.
Fizzə