Mahal Ismayıloğlu: «Bunun səbəbi Əli Kərimlinin hədəfləri ən dəqiq vurması və daha sərt mövqe tutmasıdır»
Mirvari Qəhrəmanlı: «Görürlər ki, müxalifət güclənir, o dəqiqə başlayırlar qara yaxmağa»
Hökumətin nəzarətində olan KIV-lərdə istisnasız olaraq hərgün müxalifət liderlərinin, xüsusən də AXCP sədri Əli Kərimlinin əleyhinə yönələn yazılar dərc olunur. “Azərbaycan” qəzetinin son sayında çıxan növbəti belə məqalədə də hədəf daha çox Ə.Kərimli olub. Qəzet AXCP sədrinə həm ittihamedici, həm də təhqiredici ifadələr ünvanlayıb. Ə.Kərimlinin qohumu Elnur Seyidovun bugünə qədər həbsdə saxlanılması da partiya liderinin hakimiyyətin bir nömrəli hədəfində olduğunu göstərir.
“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlu hesab edir ki, burada təəccüblənəcək heç nə yoxdur: “Əli Kərimli hədəfləri ən dəqiq vurduğuna görə, daha sərt mövqe tutduğuna görə hakimiyyət onu bir nömrəli hədəfinə çevirib. Ümumilikdə isə hakimiyyət müxalifət düşərgəsində gedən proseslərdən ciddi narahatlıq keçirməyə başlayıb. Insan haqları, mülkiyyət hüququ və bu kimi hüquqlar Azərbaycanda saya salınmır. Bütün bunlar təbii ki, əks reaksiya verir. Hakimiyyət də bunun fərqindədir. Cəmiyyətdə təmərküzləşmə gedir, bu da hakimiyyətə yönəlir”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, Azərbaycan müxalifəti gücləndikcə onun aparıcı simalarına qarşı təzyiqlər də artmağa başlayır: “Görürlər ki, müxalifət güclənir, xalqın böyük kəsimi onun arxasınca gedir, o dəqiqə başlayırlar qara yaxmağa. Bu, həmişə belə olub. Bu gün həbsdə olan Elnur Seyidovun yeganə günahı onun Əli Kərimlinin qohumu olmasıdır. Bu, nə yerli, nə beynəlxalq qanunvericiliyə uyğundur. Həmin bankda problemlər var idi və onu kiminsə üzərinə yıxmaq lazım idi. O cavan oğlana qarşı olanlar haqsızlıqdır. Bu hakimiyyət həmişə qohum-əqrabaya təzyiq üsulundan istifadə edib”.