AXCP sədri Əli Kərimli Milli müstəqilliyin 25 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
“Əziz həmvətənlərim! Milli müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə sizləri ürəkdən təbrik edirəm. Azərbaycan xalqı XX əsrdə öz canı, qanı bahasına iki dəfə müstəqil dövlətini qurub. 28 may 1918 ildə M.Ə. Rəsulzadə başda olmaqla qurucu babalarımız Xalq Cümhuriyyəti yaradıblar. Rusiyanın işğalından sonra 70 il sovet totalitar, kommunist diktaturası şəraitində yaşayan xalq əsrin sonlarında öz azadlığı və milli dövləti uğrunda rəşadətlə mübarizəyə başladı və Milli Azadlıq Hərəkatının yüzminlərlə iştirakçısı, onun şəriksiz lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin əzmkarlığı, fədakarlığı sayəsində 18 oktyabr 1991-ci ildə milli istiqlaliyyətini bərpa etdi, üç rəngli müqəddəs bayrağını ucaltdı. İndi bu şərəfli tarixdən 25 il ötür.
Dövlət müstəqilliyini qazandığı gün buna nail olmuş hər bir xalqın tarixində çox əlamətdar bir hadisədir. Biz də bir əsrdə iki dəfə şanlı mübarizəmizlə milli müstəqilliyimizi əldə etdiyimizə görə qürur duyuruq.
Lakin təəssüf və ürək ağrısı ilə qeyd etməliyəm ki, müstəqilliyimizin 25 –ci ildönümündə xalq olaraq onun səfasını sürə bilmirik, vətəndaşlarımızın hər sahədə hüquqları pozulur, korrupsiya, işsizlik, yoxsulluq dözülməz həddə çatıb, söz, sərbəst toplaşmaq, əqidə və vicdan azadlıqları təmin olunmur, buna etiraz edən insanlar həbs edilir, cinayət məsuliyyətinə cəlb olunur və hələ də torpaqlarımız işğal altındadır. Bu gün dövlətimiz müstəqil olsa da, xalqımız azad, idarəetmə demokratik deyil. Azərbaycanı qanunlar yox, mövcud rejimin talançı, korrupsioner maraqları idarə edir. Milli müstəqilliyin qazanılmasında heç bir rolu olmayan adamlar ölkəni idarə edirlər, antixalq siyasəti aparırlar, seçkiləri saxtalaşdıraraq prezident, millət vəkili olurlar, məhz buna görə də illərdir 18 oktyabr-Müstəqillik gününü iş günü elan ediblər. Bu müqəddəs günün gözdən salınmasına, xalqın öz rəşadətli mübarizəsi ilə qazandığını onun düşüncəsində kiçiltməyə çalışırlar. İndi müstəqil dövlətimiz, ordumuz, bayrağımız olsa da, sərvətlərimizi müstəmləkəçilərin əlindən xilas etsək də, yenə də xalqımıza qismət olmayıblar, özünü milli adlandıran bu yerli irtica tərəfindən hələ də istismar edilirlər.
Lakin bu bizi ruhdan salmamalı, müstəqilliyimizin önəmini xalq olaraq bizim üçün əhəmiyyətini azaltmamalıdır. 25 il öncə müstəqilliyin qazanılması uğrunda mücadilədə həyatını qoyan hərəkatçıların bu prosesdə xidmətləri danılmazdır və onların bir çoxu hələ də bu yoldadır. Bu şərəfli mücadiləni demokratik dəyərlər və azad cəmiyyət uğrunda aparan minlərlə vətəndaşlarımız bütün maneələrə, təzyiqlərə və həbslərə baxmayaraq geri çəkilmir, əqidəsindən dönmür. Həbsdə olan siyasi məhbuslarımız məhkəmələrdə və məhbəsdə belə bu hakimiyyətə meydan oxuyur və ədalətsiz hakimlərə dərs verirlər.
Əminəm ki, heç bir məhrumiyyət və təzyiqlər demokratiya, azadlıq, insan haqları uğrunda gedən mübarizəmizin qarşısını ala bilməyəcək, keçmiş hərəkatçılar, sovet imperiyasının zorundan çəkinməyib öz müstəqilliyini qazanmış Azərbaycan xalqı, yetişən yeni cəsarətli gənc nəsil istiqlalımızın nailiyyətlərindən də bəhrələnməyi təmin edəcək, hər bir vətəndaşın şərəf, qürur duyacağı, hər bir fərdin hüquq və azadlıqlarının təmin olunacağı bir ölkəyə çevrilməsi, demokratiya və ədalətin bərqərar olunması uğrunda gedən mübarizəni davam etdirməkdən çəkinməyəcək. Hamılıqla toparlanıb bu mərhələdə də yeni xalq azadlıq hərəkatı vasitəsilə rejimin insanlara xidmət etməyən siyasətinə boyun əyməməli, milli sərvətlərimizin vətəndaşlarımıza qaytarıldığı, hər bir insanın arzu və imkanlarını reallaşdıra bildiyi, güvəndiyi, xalqa xidmət edən bir dövlət idarəçiliyi qurmalı və vətənimizin ərazi bütövlüyünü bərpa etməliyik. Bizim yolumuz haqqdır, xalqımız da mütləq haqqın yanında olacaq və nəticədə haqq qalib gələcək!
Müstəqilliyin bərpasının 25-ci ildönümü münasibətilə sizləri bir daha təbrik edir, azadlıq və demokratik dəyərlər uğrunda şərəfli mübarizədə, ərazi bütövlüyümüzün bərpasında hamınıza fəallıq, əzm və mətinlik arzulayıram!
Müstəqillik gününüz mübarək, əziz həmvətənlər!”