Qələndər Muxtarlı: «Elnur Seyidovun həbsi Əli Kərimliyə qarşı aparılan geniş miqyaslı təzyiq kampaniyasının tərkib hissəsidir»
“Azərbaycan hakimiyyəti Ictimai Palatanın aprelin 22-də keçirdiyi mitinqin kütləvi alınmaması üçün bütün səylərini səfərbər etsə də, məqsədinə tam nail ola bilmədi. Onminlərlə narazı insan meydana gəldi və bu hakimiyyətin siyasətinə etiraz etdi”.
Bu sözləri “Azadlıq”a Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlı bildirib. O, Ictimai Palatanın 8 və 22 aprel mitinqlərini Azərbaycanda demokratik proseslərin başlanğıcı kimi dəyərləndirib: “Hakimiyyət hər iki mitinqin kütləviliyini azaltmağa çalışırdı. 8 apreldə, 22 apreldə aksiyanın başlanmasına bir neçə saat qalmış meydana gedən yollar bağlanmışdı, marşrut və taksilərin ora getməsi qadağan edilmişdi. Amma Ictimai Palata hətta bu şərtlər daxilində uğurlu aksiya keçirdi. Ümumiyyətlə, hakimiyyətin mitinqlərə Bibiheybətdə yer ayırması əslində sərbəst toplaşmaq azadlığı adı altında Azərbaycanda başlanmış prosesin ümumxalq hərəkatına çevrilməsinin qarşısını almaq məqsədini daşıyır. Lakin artıq proses başlayıb və bunun genişlənməsinə əngəl olmaq çətin məsələdir. Ictimai Palatanın hər iki aksiyası göstərdi ki, xalq artıq ayaqdadır. Ziyalılar Ictimai Palatanı müdafiə edir. Bu, böyük siyasi hadisədir və bunun müsbət nəticələrini görəcəyik”.
Qələndər Muxtarlı demokratik düşərgəyə təzyiqlərə də diqqət çəkib. O, xüsusilə AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun həbsindən söz açıb. Qələndər Muxtarlı bildirib ki, Elnur Seyidovun həbsi Əli Kərimliyə qarşı təzyiqlərin tərkib hissəsidir: “Artıq hamı bunu anlayır. Əli Kərimli hakimiyyətin narahatlığına səbəb olan siyasi liderdir. Bu baxımdan ona qarşı böyük təzyiqlər var. Rəhbərlik etdiyi partiya qərargahsız qalıb, fəaliyyəti faktiki olaraq məhdudlaşdırılıb, neçə ildir ki, ona pasport verilmir, bununla da xaricə çıxışının qarşısı alınıb. Elnur Seyidovun həbsi də Əli Kərimliyə qarşı aparılan geniş miqyaslı təzyiq kampaniyasının tərkib hissəsidir. Bütün bunlar sovet sistemindən qalma idarəetmə təcrübəsidir. Hakimiyyət də bu ənənəyə sadiqdir. Düşünürlər ki, bu cür üsullarla hakimiyyətlərini uzada bilərlər”.