“Bütpərəst qəbilə hakimiyyətinə son qoymaq üçün xalqımızı birliyə çağırırıq”
İctimai Palatanın Kanada təmsilçiliyi Azərbaycan xalqına, o cümlədən Bakıda keçirilən 22 aprel mitinqin iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:
***
Hörmətli mitinq iştirakçıları və əziz həmvətənlərimiz!
Nəzərinizə çatdırırıq ki, xarici ölkələrdə yaşamağa məhkum olsaq da, vətənimizin gələcəyi üçün vacib olan bütün tale yüklü məsələlər bizi çox narahat edir və çalışırıq ki, bu cür məsələlərin həllində fəal iştirak edək. Vətənimizin və ölkəmizin layiqli şəkildə təmsil və təbliğ olunması bizim üzərimizə düşən ən mühüm vəzifədir. Bununla yanaşı doğma vətənimizdə baş verən acı hadisələrə də biganə qala bilmərik. Belə ki, Vətənimizin və xalqımızın sərvətini talayan “BÜTPƏRƏST QƏBİLƏ” hakimiyyətinin həyata keçirdiyi vəhşiliklərə biganə qalmaq hər bir Azərbaycanlı üçün vicdanını danmaqla eyni anlama gəlir. Artıq dəmək olar ki, bütün dünyada Azərbaycan haqqında formalaşan ümumi fikir- ölkəmizin cəngəlliklər qanunları ilə idarə edilməsidir.
KGB generalı, şanlı kommunist Heydər Əliyevin banisi olduğu bu iqtidarın “analoqu olmayan” siyasətinin nəticəsində bu gün vətəndaşlarımızın və ziyalılarımızın çoxu ölkəmizi tərk etmək məcburiyyətində qalıblar. Çünki əksəriyyət etibarilə milli mənsubiyyətlərinin belə müəmmalı olduğu bu BÜTPƏRƏST QƏBİLƏ hakimiyyətinin təmsilçiləri özlərindən başqa heç kimi insan olaraq qəbul etmək istəmirlər. Bu acı həqiqətin isbatını isə onların xalqımıza tutduğu divanlarda- evlərini başlarına uçurmalarında, haqlarının əzilməsinə etiraz edənlərin vəhşicəsinə döyülmələrində, var və mülklərinin əllərindən alınmasında və s. açıq şəkildə görə bilərik.
Əziz xalqımız, iş o yerə çatmışdır ki bu “BÜTPƏRƏST QƏBİLƏ” hakimiyyəti ölkəmizin sərvətlərini xarici ölkələrdə ona-buna rüşvət verərək KGB Generalı və Şanlı Kommunist Heydər Əliyevin təbliğatı üçün havaya sovururlar. Məlumunuz olduğu kimi artıq xarici ölkələrdə Əliyevlərin heykəllərinin qoyulması, onların adlarına mərkəz və qurumların açılması adi hal almışdır. Kanadanın “Niagara On the Like” şəhərində qoyulan Əliyevlər büstləri bu dediklərimizə ən parlaq nümunədir. IP Kanada təmsilçiliyi diktatura və avtoritar rejim rəhbərlərinin demokratik bir ölkədə təbliğ olunmasına ciddi etirazını Kanadanın bütün rəsmi orqanlarına bildirmişdir və bu yöndə çalışmalarımız məqsədimizə çatana qədər, yəni o heykəllər götürülənə qədər davam edəcək.
Əziz həmvətənlərimiz, biz İP Kanada təmsilçiliyi olaraq bu “BÜTPƏRƏST QƏBİLƏ” hakimiyyətiə son qoymaq üçün xalqımızı birlik və bərabərliyə çağırırıq. Eyni zamanda qeyd etmək istəyirik ki bu bu rejimin ömrü uzandıqca ölkəmizin dünyadakı nüfuzu da ciddi şəkildə aşağı düşməkdədir. Çünki artıq sivil və demokratik dünya diktator ve tiran hakimiyyətləri ilə vidalaşmaqda qərarlıdır. Ona görə də xalqımızı diktatura rejiminə qarşi mübarizədə İP ətrafında sıx birləşməyə dəvət edir, bu yolda hər birinizə ən səmimi arzularımızı çatdırırıq.
Hörmətlə İP Kanada Temsilçiliyi adından Həsən Səftərli