“Belə çağrışlar, bu cür qərarlar zamanında verilməliydi”
Nemət Əliyev: “Bu istiqamətdə səylərin bir nəticə verəcəyini gözləmirəm “
Dövlət başçısı İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında imzaladığı sərəncam maraq doğurur. Sərəncam ofşor şirkətlərin fəaliyyətinə yönəlib. Sərəncamda vurğulanır ki, vergilər ofşor şirkətləri ilə əməliyyat aparan yerli şirkətlərə səmərəli nəzarət etməlidir.
Sərəncam ilə 21 istiqamətdə islahatın aparılması tapşırılıb. Tapşırıqlardan biri ofşorlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə bağlıdır.
“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə qeyd olunur ki, Azərbaycan Respublikası rezidentlərinin vergi güzəşti olan xarici ölkələrdə və ya onların vergi güzəşti tətbiq olunan ərazilərində (ofşorlarda) fəaliyyət göstərən vergi ödəyiciləri ilə əməliyyatlarına səmərəli vergi nəzarəti mexanizmləri qurulmalıdır.
İmzalanan bu sərəncam nəticə verə bilərmi? Gözləntilər nədən ibarətdir?
İqtisadçı Nemət Əliyev bildirdi ki, ofşor zonalara Azərbaycandan böyük vəsaitlərin daşınması məlumatları bu günün deyil. Bu məlumatların Azərbaycanda son prezident seçkiləri zamanı böyük qalmaqal yaratdığını deyən N.Əliyev vurğuladı ki, həmin dövrdə C.Həsənlinin televiziya çıxışları zamanı ölkə başçısı və ailəsinin ofşor zonalarada böyük vəsaitləri, şirkətlər barədə məlumat verilmişdi: “Beynəlxalq mətbuat da istiqamətdə xeyli məlumatlar çap edirdi. Həmin maliyyə vəsaitlərinin nəzarətə götürülməsiylə bağlı dəfələrlə çağrışlar edilib. Amma bu istiqamətə real addımlar atılmayıb. Ofşorlara daşınmış maliyyənin həcmi o qədər böyük olub ki, 2004-2013-cü illərdə bu vəsaitin 95 milyard dollar olduğu bildirilirdi”.
Hazırda ofşorlarda olan Azərbaycan vəsaitinə nəzarətin güclənməsiylə bağlı qəbul olunan sərəncama gəlincə N.Əliyev vurğuladı ki, bu nəzəri cəhətdən yaxşı haldır: “Bunun konkret nəticələrinin olub-olmayacağını zaman göstərəcək. Amma Azərbaycan məmurları bu cür vəziyyətlərdən bir qayda olara çıxış yollırını tapırlar. Balıq başdan iylənər deyiblər. Məmurlar biləndə ki, bu vəsaitlərin ölkədən çıxarılmasının başında duranlar o vəsaitləri ölkəyə qaytarmır, o zaman məmur da bu addımı atmayacaq. Məncə, buna reaksiya məmurlar tərəfindən belə olacaq. Necə ki, məlum oldu ki, Beynəlxalq Bankdan çıxarılan iri maliyyə vəsaitlərinin arxasında məmurlar dayanırmış. Ofşordakı vəsaitlərin geri qaytarılması, onlara nəzarətin gücləndirilməsiylə bağlı çağrışları zamanında etsəydilər, bu axının qarşısını almaq mümkün olardı. Amma indi ediləcək bir şey yoxdur. Azərbaycanın hüquq-mühafizə orqanları ofşorlarda araşdırma aparacaqlar. Ona görə mən bu istiqamətdə səylərin bir nəticə verəcəyini gözləmirəm. Bu vəsaitlərin Azərbaycanın ehtiyacı olduğu dövrdə qayıtması yaxşı olardı. Amma təəssüf ki, bu az inandırıcıdır”.
Hikmət