“The Independent” yazır ki, Şərqi Avropa ölkələri Britaniyada yaşayan və işləyən vətəndaşlarının haqlarını qorumaq naminə Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına veto qoyacaqlar.
Slovakiya baş naziri Robert Fico deyib ki, Vişeqrad dördlüyü (V4) kimi tanınan Çexiya, Macarıstan, Polşa və Slovakiya Britaniya Avropa İttifaqını tərk etməzdən əvvəl öz vətəndaşlarına bu ölkədə bərabər hüquqların verilməsini tələb edirlər.
Britaniyanın baş naziri Theresa May Birləşmiş Krallıqdakı Aİ vətəndaşlarının statusuna qarantiya verməkdən boyun qaçırsa da, deyib ki, Aİ ərazisindəki britaniyalıların hüquqlarına hörmət ediləcəyi təqdirdə London da Aİ vətəndaşlarına belə hüquqlar verəcək.
Fico Reuters agentliyinə bildirib ki, V4 qrupu bu məsələdə heç bir kompromisə getməyəcək.
“Mən düşünürəm ki, Britaniya da bu məsələdə güzəştə yer olmadığını bilir” – deyib Fico.
Bundan əvvəl Downing Street ünvanından qaynaqlanan bəzi şayiələrə görə xanım May-in gələn il Brexit prosesinə rəsmən başlayacağı bildirilirdi.
Avropa Şurasının prezidenti Donald Tusk bildirmişdi ki, xanım May ona Aİ nizamnaməsinin 50-ci maddəsini yanvar və ya fevral ayinda işə salacağını deyib.
Birləşmiş Krallığın Avropa İttifaqından ayrılması üçün rəsmi ikiillik proses London 50-ci maddəni işə salmazdan əvvəl başlana bilməz.
Brexit naziri David Davies bildirib ki, bu prosesə başlanması üçün parlamentin razılığı alınmayacaq.
Bu arada Britaniyanın müdafiə naziri Michael Fallon deyib ki, onun ölkəsi Aİ üzvü olduğu müddətdə heç bir Avropa hərbi ittifaqına daxil olmayacaq.
Avropa İttifaqının vahid ordu komandanlığının zərurəti barədə Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker bəyanat vermişdi.
O, Avropa müdafiə fondunun yaradılmasını təklif etmişdi.
Cənab Fallon “The Times” qəzetinə bildirib ki, London Aİ ərazisində NATO-ya rəqib yaradılmasına imkan verməyəcək.
Lakin Liberal Demokrat Partiyasından lord Menzies Campbell deyib ki, Britaniya Aİ-ni tərk etdikdən sonra bu məsələyə veto qoymaq hüququna malik olmayacaq.
Britaniyanın NATO-nun Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı olan lord deyib ki, o, Aİ-də ayrıca hərbi strukturun yaradılmasını ziyanlı addım hesab edir.
“Avropa müdafiəsinin məhək daşı NATO-dur. Burada isə bütün xərclərin 75 faizini Birləşmiş Ştatlar çəkir” – deyib Campbell.
Onun fikrincə, əksər NATO üzvlərinin ÜDM-in 2 faizini müdafiəyə ayırmaq iqtidarında olmadığı bir vaxtda paralel baş qərargahın yaradılması israfçılıqdır. (BBC azeri)