Gültəkin Hacıbəyli: «Insan haqlarının vəziyyəti Məmmədyarovun səfərlərinə və keçirdiyi görüşlərə təsirsiz ötüşməyəcək»
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək. Bu barədə Turan-a Azərbaycan XIN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayerin təşəbbüsü ilə keçirilir: “Bu görüşün məqsədi ATƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir, habelə ATƏT məkanına təsir üçün səmərli mexanimzlərin hazırlanması ilə bağlı müzakirələrin keçirilməsi gözlənilir”.
Bununla yanaşı, bildirilib ki, E.Məmmədyarov sentyabrın 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa Ittifaqı üzv dövlətlərinin Şərq Tərəfdaşlığı ölkələri ilə qeyri-rəsmi görüşünə də qatılacaq.
H.Hacıyev deyib ki, bu toplantıda Şərq Tərəfdaşlığı proqramında iştirakçı olan dövlətlərin Avropa Ittifaqı ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi müzakirə obyekti olacaq.
E.Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulduğu da bildirilir.
Baş naziri müavini Mahmud Məmmədquliyev bir müddət əvvəl bəyan etmişdi ki, oktyabrda Avropa Birliyi ilə tərəfdaşlıq sazişinə dair danışıqların başlanmasına dair mandat veriləcək. Amma ölkədə insan haqları və demokratiyanın vəziyyəti olduqca gərgindir. Belə olan halda Azərbaycanlı naziri nə gözləyir? Danışıqlarda Azərbaycandakı duruma eyham vurula bilərmi?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli vurğuladı ki, E.Məmmədyarovun səfəri ənənəvi səfərlərdən biridir. Amma ölkədə baş verənlərin E.Məmmədyarovun səfərlərinə və keçirdiyi görüşlərə təsirsiz ötüşməyəcəyini deyən G.Hacıbəyli vurğuladı ki, bu səfərlər Azərbaycanın Avropa ilə əlaqələrdə, Şərq Tərəfdaşlığında imitasiyasını davam etdirməyə hesablanıb: “Azərbaycanın Şərq Tərəfdaşlığı proqrammı çərçivəsində heç bir əməkdaşlığından söhbət getmir. Bu proqramm çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığın səviyyəsi hətta Ermənistandan da geri qalır. Gürcüstan, Ukrayna, Moldova artıq assosiasiya sazişini imzalayıblar. Bu dövlətlər bu yolun böyük hissəsini qət ediblər. Azərbaycan hətta Avropa Birliyi ilə münasibətlərində hətta Ermənistandan da geri qalır”.
Son zamanlar Azərbaycan hakimiyyətinin ciddi maliyyə problemlərinin yarandığını deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycanın pula ehtiyacı var və bu pulu isə ölkəmizə Qərb instituları verə bilər: “Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə əməkdaşlığı insan haqları və demokratiya istisna olmaqla, digər sahələrdə inkişaf etdirməkdə maraqlıdırlar. Avropa Birliyi bu cür yanaşmanı qəbul etməyəcək. Biz dəfələrlə bu barədə qarşı tərəfin bəyanatlarının şahidi olmuşuq. Amma konkret olaraq yaxın bir neçə ayda Avropa Birliyi ilə münasibətlər necə inkişaf edəcək, ölkədə baş verənlər bu məkədaşlığa necə təsir edəcək bu suallara cavabı yaxın aylar nümayiş etdirəcək”.
Xəyal