Məktəbli yarmarkalarının təşkili məsələnin həllinə kömək edə bilərdi…
Növbəti dərs ilinin başlamasına sayılı günlər qalıb. Lakin əhalinin əksər hissəsi hələ də məktəbli övladları üçün lazım olan forma və zəruri ləvazimatları almayıb. Bunun da əsas səbəbi insanların sosial-iqtisadi həyat şəraitinin ağır olmasıdır. Bütün ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində baş verən bahalaşma insanların çətin ehtiyac içində yaşamasına gətirib.
Görəsən, bayramlar öncəsi təşkil olunan kənd təsərrüfatı yarmarkaları kimi, məktəbli yarmarkaları da təşkil etmək mümkündürmü? Nəticədə yarmarkalarda ucuz məhsullar təklif etməklə əksər dərs ləvazimatlarını valideynlərə bir az ucuz qiymətlərlə çatdırmaq olardı.
Ekspertlər bu məsələni prinsipcə, mümkün saysalar da, reallıqda onun baş tutmasını gözləməyi əbəs vaxt itkisi hesab edirlər. Çünki məktəbli formasını istehsal edən şirkətlər materialları xaricdən gətirir. Milli valyutamız olan manatın dəyərdən düşməsi tendensiyası davamlı xarakter alıbsa, məktəbli formalarının maya dəyərini əhatə edən materialların qiyməti də manatla ifadədə yüksəlir. Qiymətlər inzibati qaydada aşağı salınarsa, nəticədə həmin məhsulları istehsal edən sexlərin fəaliyyəti də dayanacaq. Ona görə də məktəbli yarmarkalarını açmaq niyyəti müsbət qarşılansa da, fəqət, onun taleyi də başqa yarmarkalar kimi olacaq.
Kənd təsərrüfatı yarmarkalarındakı qiymətlər bazar qiymətlərindən heç də geri qalmır. Ucuz yarmarkalar sahibkarların incidilməsi, sıxışdırılması hesabına onların boynuna qoyulub. Belə yarmarkalar fayda verə bilməz. Doğrudur, məktəbli formalarının qiymətinin bahalaşması ailələrə əlavə yük yaradır. Onlar bununla bağlı xeyli ziyana düşəcək. Amma məktəbli yarmarkalarının olması da bəlli səbəblərdən mümkün olan iş deyil.
Nigar