Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) müxtəlif təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında statistik məlumatları açıqlayıb. TQDK-dan “Marja”ya verilən məlumata görə, bu il 4 ali məktəbdə plan yerləri tam, 9-unda isə 95 faiz və daha çox dolub.
2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41 min 736 yer ayrılıb. Müsabiqədə iştirak edən abituriyentlərdən 34 min 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12 min 315 nəfər dövlət sifarişi əsasında, 22 min 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83.31 faiz dolub.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, ali məktəbə ödənişli əsaslarla təhsil almaq hüququ qazanmış abituriyentlərdən vəsait daxil olmasa, deməli, həmin müəssisədə, oradakı pedaqoji kollektivdə müəyyən maddi çətinliklər yaranacaq. Ekspert qeyd edir ki, qəbul planının dolmaması yaxşı tendensiya deyil: “Onsuz da həmin yerləri tutmaq mümkün deyil. Hələ elə yerlər var ki, tələbələr müxtəlif səbəblərdən imtina ediblər. Bəzisi ixtisası sevmədiklərinə, yaxud, təhsilhaqqını ödəmək üçün maddi imkanın olmamasına görə təhsil almaqdan imtina ediblər”.
Bununla belə, N.Qulamoğlu hesab edir ki, plan yerlərinin tam dolmaması ali məktəblər üçün böyük bir təbəddülat olmayacaq: “Yəni ali məktəblərin ləğv olunma problemi yaşana bilməz. Üç-beş min nəfərin imtina etməsi ciddi problem yaratmayacaq”.
Nigar