Ekspertə görə, Azərbaycan hakimiyyəti bu yolla büdcəni doldurmağa çalışır
Azərbaycanda bəzi siqaretlərin qiyməti qalxıb. Sosial şəbkələrdə yayılan məlumata görə, bir sıra siqaretlərin qiymətləri 20-40 qəpik civarında artıb.
Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.
Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.
Qiymət artımının qeydə alındığı siqaret markaları bunlardır:
– LD (nazik qutu) – 2.60 AZN (əvvəlki satış qiyməti – 2.30 AZN)
– LD (qalın qutu) – 2.30 AZN (2.00 AZN)
– Winston – 3.10 AZN (2.80 AZN)
– Sobranie – 3.70 AZN (3.30 AZN)
– LD (göy qutu) – 1.70 AZN (1.50 AZN)
– LD (ağ qutu) – 1.60 AZN (1.40 AZN)
– Winchester (compact) – 1.50 AZN (1.30 AZN)
– Winchester (qalın qutu) – 1.40 AZN (1.20 AZN)
– More – 1.20 AZN (1.00 AZN)
– Yava – 1.20 AZN (1.00 AZN)
– Viceroy (compact) – 1.50 AZN (1.30 AZN)
– Viceroy (nazik qutu) – 2.30 AZN (2.00 AZN)
– Rothmans (compact) – 2.30 AZN (2.00 AZN)
– Rothmans (nazik qutu) – 2.60 AZN (2.30 AZN)
– West (qalın qutu) – 1.50 AZN (1.30 AZN)
– West (compact) – 1.70 AZN (1.50 AZN)
– Classic (compact) – 1.50 AZN (1.30 AZN)
– Classic (uzun) – 1.60 AZN (1.40 AZN)
– Classic (qalın qutu) – 1.40 AZN (1.20 AZN)
– Prima – 1.20 AZN (1.00 AZN)
– P&S – 2.30 AZN (2.00 AZN)
– West (nazik qutu) – 2.60 AZN (2.30 AZN).
Qiymət artımından qazanılan milyonlar
Azərbaycanda siqaretlərin qiymətinin bahalaşmasının dünya bazarı ilə heç bir əlaqəsi olmadığı barədə dəfələrlə məqalə ilə çıxış etmişik. Manatın iki devalvasiyası ən böyük zərbələrdən birini siqaret istifadəçilərinə vurdu. Siqaretlərin qiyməti növündən asılı olaraq 1-2 manat arası qaldırıldı. Nəticədə bazarda ən böyük satışı olan siqaretlər 2.50-3 manat arası satılır. Azərbaycanda siqaret istifadəçilərinin sayı, aparılan araşdırmalara görə, 3 milyon nəfərdir.
2015-ci ildən bu yana siqaretlərin qiyməti, demək olar, üç dəfə artıb. Orta hesabla 3 milyon siqaret istifadəçisinin gün ərzində bir qutu siqaret çəkdiyini nəzərə alsaq, bu o deməkdir ki, gün ərzində siqaret mafiyası qiymət artımından sonra 6 milyon əlavə vəsait əldə edib. Bu, aya 180 milyon manat deməkdir.
Amma apardığımız araşdırmadan məlum olur ki, ölkəmizdə satılan siqaretlərin qiymətini bahalaşdırmamaq da olardı. Siqaret istehsalında əsas xərc aparan komponent tütündür. Hazırda dünya bazarında bir kiloqram tütünün qiyməti 3 dollardır. 1 qutu siqaretin hazırlanmasına 20 qram tütün sərf olunur. Bir kiloqram tütündən 5 blok (50 qutu) siqaret almaq olar. Əgər 1 kiloqram tütündən alınan 50 qutu siqaret 2 manatdan satılarsa, bu 100, 3 manatdan satılarsa, 150 manat deməkdir. Deməli, iki qutu siqaretin satılması ilə 50 qutu siqaretin istehsalı üçün sərf olunan 1 kiloqramlıq tütünün xərci ödənilir.
Azərbaycanda gün ərzində 3 milyon qutu siqaretin satıldığını nəzərə alsaq, bu, gün ərzində 60 ton tütünün istifadə olunması deməkdir.
Azərbaycanın daxildə tütün istehsalı 2.8 min tondur. Bu miqdarda tütün ölkənin ay yarım təlabatını görür. Yerdə qalan hissə isə idxal hesabına ödənir. Bura həm tütünün xammal kimi, həm də hazır məhsul kimi idxalı daxildir.
Bütün bu sadalanan rəqəmlər nəzərə alınarsa, siqaretin qiymətinin qaldırılmasının iqtisadi əsası olmadığı ortaya çıxır.
Qiymət artımının iqtisadi əsası varmı?
Ekspert Vahid Məhərrəmov bildirdi ki, həqiqətən də siqaretin qiymətinin qalxmasının iqtisadi əsası yoxdur. V.Məhərrəmovun sözlərinə görə, ölkəyə keçən ilkindən fərqli olaraq malın, məhsulun da dəyərində azalma müşahidə olunur. Ölkəyə keçən il 178 milyonluq tütün və tütün məmulatlarının idxal olunduğunu deyən V.Məhərrəmov bildirdi ki, bu ilin 7 ayında bu göstərici 89 milyon dollardır: “Bu onu deməyə əsas verir ki, əsasən Rusiyadan idxal olunduğu və rubl da dəyərdən düşdüyü üçün onlarda tütün və tütün məmulatlarının qiyməti ucuzlaşıb. Azərbaycan sahibkarları da tütün məmulatlarını fərqli və ucuz qiymətə idxal edirlər. Dünya bazarında tütünün qiymətində artım yoxdur. Yenə bu göstərici 3 dollar civarındadır. Görünür, burada Azərbaycan hakimiyyəti bu yol ilə büdcəni doldurmağa çalışır. Spirtli içkilərin də qiymətində bu yaxınlarda artım müşahidə olunurdu. Hamı bilir ki, daxildə tütün istehsalı ilə məşğul olanlar və ölkəyə tütün və tütün məmulatlarını idxal edənlər müəyyən qüvvələrdir. Qiymət onların əlindədir”.
Xəyal