“The Telegraph” yazır ki, cinayət yerindən tapılmış DNT materialı əsasında qatil və ya təcavüzkarların fotorobotlarının yaradıla bilcəyi günə çox qalmayıb.
Məqalədə deyilir ki, alimlər insanın sifət cizgilərinə uyğun gələn və fövqəladə müxtəliflikdə olan genləri müəyyənləşdiriblər.
Araşdırmaçılar bildirirlər ki, burunun ölçüsü, sifətin eni kimi üz xüsusyiyyətləri spesifik mutasiyalara bağlıdır.
Bundan əvvəl aparılmış tədqiqatlara görə üz quruluşunun genlərlə bağlı olduğu bəlli idi, lakin indi alimlər məhz bu müxtəlif gen variantlarının konkret olaraq üz komponentlərinə uyğunluğunu aşkar ediblər.
PLOS Genetics jurnalında dərc olunmuş məqalədə deyilir ki, bu nəticələr tədqiqatçılara üz qüsurlarının necə yarandığı barədə ipucu verə bilər.
“The Telegraph” yazır ki, alimlərin fikrincə bu metod polisə genetik material əsasında qorxulu cinayətkarların portretlərini tərtib emək imkanı verə bilər.
Bunun üçün hadisə yerindən götürülmüş tük, ağız suyu, tər kimi genetik materialın araşdırılması kifayət olardı.
3118 könüllü
Məqalədə deyilir ki, araşdırma zamanı 20 üz komponentinə bağlı genlər 3118 sağlam könüllünün 3D təsvirləri ilə tutuşdurulub.
Pitsburq Universitetinin professoru John Shaffer deyib ki, sifət quruluşunun genlərlə bağlı olduğuna dair sanballı sübutlar var.
Alim deyib ki, bir ailənin və nəslin adamlarının müəyyən üz cizgilərinin oxşarlığı da buna sübutdur.
“The Telegraph” yazır ki, buna baxmayaraq son vaxtlaradək genlərin üz quruluşunu müəyyən etdiyinə dair faktiki olaraq məlumat olmayıb.
Alimlər ümid edirlər ki, bu araşdırmanın nəticələri gələcəkdə üz quruluşu qüsurlarının qarşısının alınması üçün istifadə oluna bilər. (BBc azeri)