Meriyanın işçilərinin döydüyü qadınlar «Semaşko» da ac saxlanılır
Evlərindən zorla çıxarılan paytaxt sakinlərinə qarşı Bakı şəhər Icra Hakimiyyətinin səlahiyyətli şəxsləri və polislərin zorakılığı barədə “Azadlıq”ın ötən saylarında məlumat vermişdik. Zorakılıq nəticəsində xəsarət alanlar sırasında Şəmsi Bədəlbəyli küçəsi 20 ünvanında yaşayan Afaq Ismayılova və onun anası Zərifə Isgəndərova da vardı. Onlar aprelin 2-də 1 saylı Kliniki Tibbi Mərkəzi (keçmiş Semaşko) yerləşdirilsələr də, tibbi ekspertizanın rəyini 6 gündən sonra – dünən alıblar.
Qeyd edək ki, adıçəkilən qadınlar Bakı şəhər Icra Hakimiyyətinin işçiləri, o cümlədən bu qurumun katibliyinin rəisi Zülfəli Ismayılovun zorakılığı nəticəsində ağır travma alıblar. Qadınların necə döyüldüyünü əks etdirən videogörüntülər də bir sıra saytlarda yayımlanıb.
Sülh və Demokratiya Institutunun nəzdindəki Qadın Krizis Mərkəzindən aldığımız məlumata görə, Kliniki Tibbi Mərkəzin şöbə müdiri Əmirağa Yusifov yalnız dünən Afaq Ismayılova və Zərifə Isgəndərovanı müayinə edərək, onlara beyin silkələnməsi diaqnozu qoyub. Buna baxmayaraq, Yusifov adıçəkilən zərərçəkmişləri sabah xəstəxanadan evə göndərməyi planlaşdırır. Onların vaxtından tez xəstəxanadan çıxarılmalarına etiraz etməmələri üçünsə maraqlı təzyiq üsulu seçilib – qadınlar xəstəxanada ac saxlanılır. Xəstəxanada saxlanılanlardan yalnız bu iki qadına ərxaq verilməsinə qadağa qoyulub…
“Görünür, Əmirağa Yusifov Azərbaycan türmələrində karserə yerləşdirilən döyülənlər barədə yaxşı məlumatlıdır”, – deyə Qadın Krizis Mərkəzinin məlumatda qeyd olunur.
Mərkəz “Semaşko”da baş verənlər haqda beynəlxalq təşkilatları da məlumatlandırmaq niyyətindədir.
Aytən