Hökumətimiz “absurd tacı”nı heç kimə vermək istəmir. Absurd janrında hökumətimiz şəriksiz liderdir. Artıq hökumətin bütün addımları cəmiyyətdə gülüşlə qarşılanır. Ən ciddi məsələlərə münasibətləri də lətifə mövzusuna çevrilib.
Komandada ciddi düşünə bilən, rəqiblərə qarşı ağlabatan, effektli mübarizə təşkil etmək qabiliyyəti olan kadr görünmür. Bütün dünya qarşısında özlərini gülünc hədəfinə çeviriblər. Həyatında bir dəfə siqaret çəkməyən adamı narkoman kimi, hər gün pivə, araq içən adamı radikal dindar kimi, çevriliş cəhdini pisləyənləri “gülənçi” kimi həbs edirlər. Bəli, bu hökumətin bütün qərarları ziddiyyət təşkil edir. Bütün addımlar hökumətin özünütəkzibiylə yekunlaşır.
Indi də keçmiş Səhiyyə naziri Əli Insanova qarşı cinayət işi açılıb. Əli Insanov 10 ildir həbsdə resept yazır, dustaqları müalicə edir, hökumət isə həbs müddətinin bitməsinə 2 ay qalmış Əli Insanovun “cinayət”inin izinə düşüb. Ötən yazımızda da barədə geniş şərh vermişdik. Amma absurdun həcmi o qədər böyükdür ki, bir yazıyla məsələni bağlamaq olmur. Əli Insanovun həbsxana yoldaşları deyir ki, bu adam nəinki dustaqlara, həbsxana işçilərinə, onların qohumlarına da resept yazırmış.
AXCP sədrinin köməkçisi Faiq Əmirlinin “gülənçi” adıyla həbs olunması nə qədər absurddursa, Əli Insanova “qanunsuz həkimlik fəaliyyətinə görə” cinayət işi açmaq da o qədər absurddur.
Ölkə səhiyyəsi məhv olub gedir, hökumət isə səhiyyənin problemini Əli Insanovun kamerasında axtarır.
Son günlər səhiyyədə baş verənlər gündəmin əsas mövzusuna çevrilib. Bir həkim xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsir, birinin burnunu əməliyyat edirlər, dünyasını dəyişir, başqa biri sərxoş vəziyyətdə əməliyyat edir və xəstə keçinir, Salyanda məsuliyyətsizlik səbəbindən üçəmlər öldü və s.
Bütün bu dəhşətli faktlara görə həyəcan təbili çalmaq, problemin səbəblərini axtarmaq, günahkarları cəzalandırmaq, səhiyyədəki korrupsiyanı, özbaşınalığı aradan qaldırmaq əvəzinə, Əli Insanova cinayət işi açırlar.
Əli Insanov 10 ildən artıqdır ki, Səhiyyə naziri deyil. Ölkənin Səhiyyə naziri Oqtay Şirəliyevdi. Əgər səhv diaqnozlara, yanlış müalicələrə, səhiyyənin öldürdüyü adamlara görə hələ də Əli Insanov məsuliyyət daşıyırsa, bunu açıq şəkildə deyin.
Reallıq isə budur ki, ölkənin Səhiyyə naziri Oqtay Şiərliyevdi. Deməli, səhiyyədəki rüsvayçılığa görə Insanova yox, Şirəliyevə cinayət işi açılmalıdır. Insanova isə səhiyənin “ölüm maşını”na çevrildiyi bir vaxtda dustaqları müalicə etdiyinə görə təşəkkür bildirmək gərəkdir. Belə çıxır ki, Əli Insanov dustaqları ölməyə qoymadığına, xəstəliyin qarşısını aldığına görə cəzalandırılır. Onsuz da Azərbaycan həbsxanaları islah yeri olmaq missiyasını yerinə yetirə bilmir. Azərbaycan həbsxanaları dustağı vərəm xəstəsinə, narkomana çevirməyə yarayır.
Qısası, bir adama qarşı bu qədər absurd ittiham, bu qədər qisasçılıq olmaz. Heç olmasa normal bir ittiham istehsal edin, heç olmasa dövriyyəyə ağlabatan böhtan buraxın.
Cinayət məsuliyyətinə cəlb olunmalı adamlar mükafatlandırılır, savab işlə məşğul olanlar isə cəzalandırılır. Hökumətimizin “ədalət tərəzisi” kiloya kilo vurur.
Samir