«Azadlıq»ın yayım direktoru ailə üzvləri ilə əlaqə saxlayıb
Ictimaiyyət əməkdaşımızın həbsinə etirazlarını davam etdirir
“Azadlıq”ın yayım direktoru, “gülənçi ittihamı” ilə şərlənərək həbs edilən Faiq Əmirli dünən ailə üzvləri ilə teelfon əlaqəsi saxlayıb. Məlumatı “Azadlıq”a Faiq Əmirlinin xanımı verib. O bildirib ki, Faiq Əmirli təqsirsiz olduğunu deyib. Saxlanma şəraiti və səhhətinə gəlincə, Faiq Əmirli hər hansı narazılıq etməyib.
Faiq Əmirlinin absurd ittihamlarla həbsinə ictimaiyyət nümayəndələrinin etirazı isə səngimir.
Faiqə qarşı irəli sürülən o ittihamda heç nə görmürəm
Tanınmış vəkil Namizəd Səfərov bildirib ki, Faiq Əmirliyə qarşı irəli sürülən ittiham da digər müxalifətçilərə qarşı sürülən ittihamlar kimi tam uydurmadır: “Bu ittihamın heç bir əsası yoxdur. Onu Faiq törətməyib. Ittiham qərarında hansısısa bir məntiqin olduğunu anlamaq olmur. Istintaqçılar, polkovniklər, general və müstəntiqlər bu istiqamətdə normal ittiham da yaza bilməyiblər. Bu cür ittihamlar irəli sürərək insanları istənilən ağır cinayətdə ittiham edə bilərlər. Mən bu yöndə istintaqın olduğuna şübhə edirəm. Artıq bütün həddi aşıblar. Siyasi əqidəsi olan şəxslər, müxalifət, beynəlxalq təşkilatlar, insan hüquqlarının müdafiəçiləri bu ittihamı sözsüz ki, araşdıracaq. O zaman yalançı, ağlasığmaz bir müddəaların şahidi olacaqlar. Hakimiyyətin məqsədi insanları tutmaqdısa, məntiqli bir ittihamla bunu etsinlər. Hazırkı məntiqlə isə istənilən romandan bir cümlə ilə adamları ağır cinayətdə ittiham edə bilərlər. Mən Faiqə qarşı irəli sürülən o ittihamda heç nə görmürəm”.
Müxalifət barədə deyilənlərin hamısı şər-böhtandır
Tanınmış ziyalı Nurəddin Mustafayev də Faiq Əmirliyə qarşı irəli sürülən ittihamların heç biri hüquqi qaydalara sığmadığını deyib. Onun sözlərinə görə, “Gülən hərəkatı” öz təşkilatını hakimiyyət daxilində qurub və onun müxalifətlə heç bir əlaqəsi yoxdur: “Azərbaycanda Güləni kimin dəstəklədiyini hamı yaxşı bilir. Ona görə də müxalifət barədə deyilənlərin hamısı şər-böhtandır. Məşhur rus teoloqu Aleksandr Menin yaxşı bir sözü var. O deyir ki, insan ya qanundan, ya da Allahdan çəkinməlidir. Bunun heç biri yoxdursa, fəlakətdir. Bunlar qanundan qorxmurlar, heç olmasa Allahdan çəkinməlidirlər. Bu işlərin qondarma və şər-böhtan olduğu hamıya məlumdur. Insan simasını qorumalıdır. Özlərinə hörmət etməlidirlər. Təəssüf ki, hörmətlərini itiriblər”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflının fikrincə, Türkiyədən və ya başqa ölkələrdən yaxşı nümunə götürmək lazımdır. Lakin hazırda yalnız pis nümunələrdən yararlanmaqdadırlar: “Ətrafımızda Gülənlə və ”nurçuluq”la əlaqəli adamlar yoxdur. Faiqi də millətçi və türkçü kimi tanıyıram. Millətçi və türkçü olan şəxs “nurçu” və ya “gülənçi” ola bilməz. Ona qarşı irləi sürülən bütün arqumentlər absurddur. Hüquqçular bunu dəyərləndirib. O da bəllidir ki, Azərbaycanda Gülənin kitabları qadağan olunmayıb. Gülənçiliyin təhlükəli köklərini kömək lazımdır deyəndə buna fikir vermirdilər. Özləri onun burada kök salmasına imkan veriblər. Hakimiyyət ölkədə siyasi rəqiblərini sıradan çıxarmaq üçün bu məsələdən istifadə edir. Istintaqın gedişində Faiq Əmirliyə və ya Fuad Əhmədliyə qarşı ittihamların sübut olunacağına inanmıram. Yalnız zorla bunu edə bilərlər”.
Hökumət nümayəndələrinin Gülən təmsilçiləri ilə çox mehriban təmasını gördüm
Tanınmış hüquqşünas Aslan Ismayılov hesab edir ki, 21-ci əsrdə evindəki kitablara görə kimisə mühakimə etmək gerizəkalılıqdır. O, Gülənin kitablarını oxuyanların təzyiqlərlə üzləşməsini yolverilməz sayır: “Almaniyada bu gün Hitlerin ”Mayn kampf” (Mənim Mübarizəm) kitabı açıq satışdadır. Buna irad tutan da yoxdur. Normal ölkələrdə belə də olmalıdır. Bundan başqa, istənilən kitabı internetdə də oxumaq mümkündür. Təəssüf ki, bu gün insanlar bir-birini ləkələmək və haqq-hesab çəkmək üçün onların adını Gülənə bağlayırlar. Xüsusilə, hakimiyyət təmsilçiləri bu yolla müxalif fikirli insanları sıradan çıxarmaq istəyir. Ölkədə Gülənin onlarla kitabı var ki, həmin kitablara ön söz yazanlar elə hakimiyyətdə olanlardır. Yadımdadır, 10 il qabaq “Çağ öyrətim” mərkəzinin Bakıda qurultayı keçirilirdi. Məni Gülüstan sarayında ön cərgədə oturtmuşdular. Nazirlər, deputatlar, Prezident Administrasiyası əməkdaşlarının hamısı da orda idi. Onlar mənə təəccüblə baxırdılar ki, burda nə gəzirəm. Orada həmin şəxslərin Fətullah Gülən təmsilçiləri ilə çox mehriban təmasını gördüm. Həmin qurultayda müxalif fikirli demək olar ki, heç kim yox idi. Hamısı hakimiyyət təmsilçiləriydi. Mənim özümü dəfələrlə Qafqaz universitetinə dərs deməyə çağırıblar. Şərtlərindən də biri o olub ki, hakimiyyəti sərt tənqid etməməliyəm. Bu şərti qəbul etmədiyimə görə orada dərs deyə bilmədim, hərçənd ki, bunu çox istəyirdim. Bundan başqa bu gün gülənçi adı ilə Qafqaz universitetini bitirmiş, Azərbaycanı dünyada ləyaqətlə təmsil edən yüzlərlə istedadlı gəncləri çıxdaş etmək də yolverilməzdir. Bu məktəbləri bitirənlərdən çox az hissəsi, zəif iradə sahibləri gülənçi olublar. Əksəriyyət isə bu ocaqları elmə sahiblənmək üçün bitiriblər. Ona görə də hazırda baş verən olayları başqa cür təqdim etmək çox acınacaqlı haldır”.