“The İndependent”: “Hansı şüurun yiyəsi olmaq lazımdır ki, kleptokratlar, avtokratlar səni özünə cəlb edə bilsin…”
Bu yaxınlarda Rio-de-Janeyro polisi Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkini həbs elədi. Patrik Hikki olimpiya biletlərinin qanunsuz satışında ittiham olunur.
Hikki Azərbaycanda daha çox Avropa Oyunlarının ideya müəllifi kimi tanınır. Böyük Britaniyanın “The İndependent” qəzeti İlham Əliyevin və Patrik Hikki arasındakı əməkdaşlıq barədə məqalə dərc edib. Məqalənin tərcüməsini təqdim edirik:
***
Keçən yay Patrik Hikkinin çoxdankı Avropa Oyunları xəyalı neftlə zəngin Azərbaycanın paytaxtı Bakıda reallaşdı. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti kimi bu, onun ilk proyekti idi. Problem o idi ki, Avropada heç kim bu oyunlara pul xərcləmək istəmirdi. Ən azı, Köhnə Avropada…
Bu vaxt Azərbaycan prezidenti İlham Əliyev önə çıxdı. Hikki və Əliyevin birlikdə füsunkar fotoları var. Onlar birlikdə bunu bacardılar. Onlar Avropa Oyunlarını Bakıya gətirdilər.
Baxmayaraq ki, Azərbaycanın bəzi vətəndaşları bundan heç də xoşbəxt deyildi. Onlar hesab edirdi ki, bu oyunlar despot rejimin təbliğatı üçün nəzərdə tutulub. Onlar hesab edirdi ki, bir qrup ailə hakimiyyəti dəyəri 6.5 milyard dollar nəzərdə tutulan tikinti işlərindən 100 milyonlarla dolları öz cibinə axıdacaq.
“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatının hesabatına görə, oyunlara aylar qalmış bəzi vətəndaşlar təzyiqlərlə üzləşib, bəziləri həbsə atılıb, döyülüb, işgəncəyə məruz qalıb. Qurbanlar arasında vəkillər, jurnalistlər, aktivistlər və QHT təmsilçiləri olub. Onların ailələri də təhdidlərə məruz qalıb. Avqust ayında jurnalist döyülərək öldürülüb.
“Bu, xüsusilə şokedici haldır. Azərbaycan hakimiyyəti beynəlxalq idman tədbirinə aylar qalmış dramatik repressiyalara əl atdı”, – “Human Rights Watch”dan Ceyn Byükenen deyib.
Ancaq Patrik bu repressiyaları görməzdən gəlirdi. Onun görüləsi işləri var idi. Avropa Oyunlarının açılış mərasimi onun CV-sini zənginləşdirəcəkdi. Həm də Beynəlxalq Olimpiya Komitəsinə (BOK) yaxşı gəlir gətirəcəkdi. Bu, onun həmkarları – BOK-un digər icraçı üzvləri arasında onun nüfuzunu artıracaqdı.
Oyunlar başladı. Patrik Bakıda böyük adama çevrilmişdi. Prezident Əliyev şəxsən özü onu mükafatlandırdı. Ona Azərbaycanın Şərəf Ordenini təqdim etdi. Beləliklə, hər kəs xoşbəxt idi.
Avropa atletləri oyunlarda iştirak etməkdən yayınmasın deyə, Əliyev fərman verdi ki, iştirakçı 6000 atletin hamısının xərcləri dövlət tərəfindən ödənilsin.
“Zəmanət altına almaq istəyirdi. Oyunlarda nümayiş etdirmək üçün minlərlə gənc atletin iştirakına ehtiyac var idi”, – jurnalist Endryu Jeninqs yazıb.
Patrik Hikki Beynəlxalq Olimpiya Komitəsinin onillərdir artan riyakarlığı ilə tanış idi. Necə bir insan olmaq lazımdır ki, belə təşkilatın bir hissəsinə çevriləsən? Hansı şüurun yiyəsi olmaq lazımdır ki, kleptokratlar, avtokratlar səni özünə cəlb edə bilsin? Ancaq Hiki sadəcə, hər şeyə göz yummurdu; o, BOK-da yüksəlişə nail olur və prestij əldə edirdi. O, buranı ambisiyalarını həyata keçirmək üçün ideal mühit hesab edirdi.
Ancaq onun qanunsuz əməlləri çox sürmədi. Çılpaq Hikinin yataq otağının qapısında polislər tərəfindən qarşılanma mənzərəsi hələ uzun müddət yaddaşlarda qalajaq.