Bu günlərdə ” Adiloğlu ” nəşriyyatında tanınmış şair Sabir Yusifoğlunun ” DÜNYA İLƏ HEÇ-HEÇƏYƏM ” adlı şeirlər kitabı işıq üzü görüb. 1000 tirajla nəşr olunan kitabın redaktoru şair Qulu Ağsəsdir. Kitabda şairin son illər yazdığı şeirlər toplanıb. Bu, sayca müəllifin oxucularla dördüncü görüşüdür. Şairi təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Bu şahdan, tacdan da ötək…
Yavaş-yavaş itirirəm,
az-az tapılan dostları.
Ürəyimin ortasından
qopan,
çapılan dostları.
Yadımda…
bu gündə kimi,
yaxında, ya gendə kimi,
taleyimə kündə kimi
soyuq yapılan dostları.
Bu şahdan,
tacdan da ötək,
ALLAHIN yanında bitək.
Sağ olsun…
yenə xəncərtək
qəlbə sapilan dostları!..
BALIQLA SÖHBƏT
Dənizdən başqa kim var ki,-
bir sənsən, bir mən yuxusuz,
gəl otur danışaq, balıq.
Qum üstdə balıqqulağı,
suda səsin batıb qalıb.
Taleyimiz birdi deyə,
sözümüz də yaxşı tutur.
Mən səni ələ vermərəm,
bardaş qur, yaxından otur.
Bir az dənizin dibindən.
bir az üzündən danışaq.
Söz açaq batan səsindən,
sözün düzündən danışaq.
Başımıza bəla açıb,
sənə kürü, mənə – şeir.
Əyri otur, düz danışaq,
kim kimin haqqını yeyir?
Dənizə də borcumuz var,
susmağın da hesabın ver.
Ver özünə bu dünyanın
susmaq adlı əzabın ver.
Hamımızın sonu birdi,
qum basdırır, ləpə silir.
Sən tilovdan asılarsan,
mən də…
Mən də
Allah bilir.
Gəl bir az dərdləşək balıq,
gəl otur danışaq, balıq.
Hələ balıqçılar yatır,
torların gözü torlanıb
hələ ömrümüzdən qalıb…