Molla deyirdi: “Nə qədər yaxşı əməllər görsəniz – Allahdan bilin, pis əməlləri isə Şeytandan…”
Dünyada pis əməllər yaxşı əməllərdən çoxdu. Buna kimsə şübhə ilə yanaşmaz. Belə çıxır ki, dünyanı Şeytan idarə eləyir. Allah isə ana müxalifətdi – üç-beş yaxşı əməli ilə…
Belə deməyimə baxmayın, fikrim yanlışdı; səbəbi, icraçısı dəqiq olmayan əməlləri təxmini icraçılara görə şərh edib məntiqi nəticə çıxarmaq olmaz. Gözlə görünməyən, toxunulması mümkün olmayan, yeri-yurdu bəlirsiz, heç bir ciddi fakta əsaslanmayıb yalnız təxəyyül və nəzəri baxımdan, mövcudluğu sadəcə, inanca görə irəli sürülən varlıqlar haqda nə desən yanlış olmasa da, gerçək olduğunu kimsə sübut eləyə bilməyəcək. Ona görə də, mollanın dediyi fikri dartışmadan bir yana qoyuram.
Lakin bizim öz gözlərimizlə gördüyümüz, şahid olduğumuz, çox vaxt ağrı-acısını öz canımızda hiss etdiyimiz hadisələri, əməlləri isə kimlərin törətdiyini çox yaxşı bilirik. Məsələn, yol polisi məndən nahaq yerə rüşvət alırsa, mən durub nə Allah, nə Şeytan haqda düşünəcəyəm. Demək, bu sistem yuxarıdan aşağıya qədər belə qurulub və bu sistemin bu cür qurulması da ölkədə mövcud olan rejimdən və o rejimin başında duran şəxsdən və ya şəxslərdən asılıdı. Əlbəttə, bizim camaat nə baş verir versin, ölkə necə durumda olur olsun, ya Allahın adını hallandıracaq, ya da Şeytanın. Halbuki, nə Allah, nə də Şeytan heç bir ölkənin dövlət işlərinə qarışmır; rüşvətlə vəzifəyə adam təyin eləyib, vəzifədən adam çıxarmırlar. Ya demokratik, ya diktatura dövləti qurmurlar. Qurmadıqlarına görə bu işin axırına da onlar çıxmırlar. Yer işlərinin Allahı da, Şeytanı da insanlar özləridi – deyilmiş fikir olsa da, deməyə məcburam. Mən burda bircə ölümü istisna edirəm. Hələ bu da çox mütəqəlqəl məsələdi. Dərinə getməyək. Fatalizm, qəzavü-qədərə inam bəzi incə məqamlarda son dərəcə gerçək görünür. Lakin hər məqamda deyil. Onda Məhəmməd peyğəmbər gətirdiyi, yaydığı yeni dini ilə bağlı fəaliyyətə başlamaz, əzablara dözməz, oturub onsuz da “olası” taleyi gözlərdi. Lakin Məhəmməd ümməti heç cür anlamaq istəmir ki, onlar özləri nəyəsə nail ola, hökumətləri dəyişə, yenilərini seçə, öz hüquqlarını öz gücləri ilə bərpa edə bilərlər. Son vaxtlar hakimiyyətdən iliyinəcən narazı olan əyalət adamlarımızdan bu fikri nə qədər eşidirəm: “Yox, Əliyevə heç kimin gücü çatmaz, elə bərk oturublar ki, onlarla ancaq Allah bacara bilər”. Hətta bəziləri nəüzübillah, belə deyirlər: “Heç Allah da bacarmaz…”. Halbuki, hansısa ərəb də fikirləşirdi ki, Mübarəklə, Bin Əliylə, Salehiylə, Qəzzafiylə heç O da bacarmaz. Yəni Allah. Ancaq məlum oldu ki, on min adam bir araya gəlməklə “Allahın bacarmadığı” işi həll eləyə bilirlər. Indi məntiqlə belə çıxacaq ki, beş min, on min, yüz min insan Allahdan güclüdü. Gəlin, belə düşünməyə tələsməyək. Lakin bunu da unutmayaq ki, həmin o on min adam “Allahın bacarmadığı” işi bacara bilər. Hətta sandıq başında hamısı bir yerə vuranda sabahkı qanlara da gərək qalmır. Nə isə…
Bu təfəkkürlə biz haraya gedirik və ya gedə bilərik? Axı bu Allaha və ya Şeytana aid edilməsi mübahisə yaradan məsələ deyil ki, durub fikrə gedəsən. Görürsən ki, Ilham Əliyev xanədanının məmurları qapına tökülüb sənin əlində özəlləşdirmə sənədi, hətta Ali Məhkəmənin sökülməmək haqda qərarı olan evini evyıxan texnikayla başına uçururlar. Məgər bu anda bunu Allahınmı, Şeytanınmı törətdiyini düşünməyin, mübahisəyə başlamağın yeridir? Kor-kor, gör-gör. Görürsən ki, gələnlər binəva Şeytanın yox, Əliyev rejiminin kölələridi.
Əliyev Çexiyada deyib: “Ümid edirik ki, Suriyadakı vəziyyət tezliklə tənzimlənəcək və günahsız insanların qırılması dayandırılacaq”. Bəs əlinizdən zülm ayaqlayan günahsız Azərbaycan insanları nəyə ümid eləsinlər? Siz dövlət başçısısız, heç olmasa, ümidiniz var, axı bu xalqın quruca ümidi də yoxdu…