Məhkəmədə dəhşətli faktların üzə çıxacağından narahatdılar
Korrupsiya, dələduzluq, vəzifəli şəxsin özbaşınalığı hər bir ölkədə baş verə bilər. Heç bir hökumət ideallıq andı içməyib. Amma hüququn üstün olduğu bütün ölkələrdə dələduzları, rüşvətxorları, harınları cəzalandırırlar, fakt varsa, heç kim cinayətkarı xilas edə bilmir. Dəflərlə şahidi olmuşuq ki, müxtəlif ölkələrdə vəzifəli şəxslər həbs edilir, istefa verir, məhkəməyə çıxarılır, ən yüksək vəzifədə olan adamların yaxınları cinayət məsuliyyətinə cəlb olunur və s.
Amma Azərbaycanda vəziyyət tamam fərqlidir. Belə ki, hökumət özü bütün neqativlərin mənbəyinə çevrilib. Ən yüksək vəzifəlilər monopolistdi, biznesmendi, ölkəni ata malı kimi mənimsəyəndi. Bu ölkədə ən yüksək dairəyə bağlı olmayan adamlar böyük biznesmenə çevrilə bilmir. Eləcə də ictimai-siyasi fəalların şərlənərək həbs olunması, iş adamlarının ölkədən didərgin salınması, azad mətbuatın boğulması, seçkilərin saxtalaşdırılamsı hökumətin “ssenari”si əsasında həyata keçirilir.
Bir müddət əvvəl MTN məsələsi gündəmə gələndə, yazdıq ki, bu illərə ərzində baş vermiş cinayətlər heç bir fərdin özfəaliyyəti ola bilməz. Əgər ölkədən milyardlar oğurlanıbsa, sahibkarlara işgəncə verilibsə, ictimai-siyasi fəallar qondarma ittihmalarla həbs edilibsə, bütün bunlardan yuxarıların xəbəri olub.
Əlbəttə ki, MTN-in dağıdılmasından sonrakı mənzərə də bunun sübut edir. Yenə də insanları şərləyib həbs edirlər, yenə də sahibkarlar incidilir, yenə də inhisarçılıq davam edir və s.
Indi də qərara gəliblər ki, MTN işinə görə həbs olunanların işinə Bakı Hərbi Məhkəməsində baxılacaq. Bəli, bu haqda Akif Çovdarovun vəkili S.Rəsulov məlumat verib.
Əslində, MTN işinə Hərbi Məhkəmədə baxılması məqsədli şəkildə edilib. Məqsəd də budur ki, kiçik məhkəmə zalına çox adam daxil ola bilməsin, jurnalistlərin iştirakına məhdudiyyət qoyulsun. Hətta mümkündür ki, məhkəmə prosesinin Bakı Hərbi Məhkəməsində keçirilməsinə bəhanə gətirərək, prosesi qapalı keçirsinlər.
Çünki, bundan əvvəlki məhkəmə proseslərində hökumət tamam ifşa edilib. Hacı Məmmədov məhkəməsindən tutmuş, “Nardaran işi”nə qədər bütün proseslərdə hökumətin mahiyyəti aşkar şəkildə görünüb. Xüsusən, Nardaran məhkəməsi hakimiyyətin bütün məkrli planlarını ortaya çıxardı və müxalifəti necə şantaj etmək istədikləri aydın göründü.
MTN işi isə daha iriqmiqyaslı qanunsuzluqların, cinayətlərin tüğyan elədiyi bir işdir. Yüzlərlə vətəndaş MTN-in əməllərindən zərər çəkib, ortada ciddi ittihamlar var. Bu gün Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev deyir ki, Samir Şərifov da mənim yanımda oturmalıdır. Yəni, deyir ki, səsləndirilən ittihamların əhatə dairəsinə Samir Şərifov da düşür.
MTN-çilərin məhkəməsində də belə faktlar üzə çıxa bilər. Ən yüksək səviyyədə sifariş verilən işlər, müxalifətə qarşı iyrənc planlar açıla bilər. Ona görə də hökumət MTN məhkəməsini qapalı keçirilməsinə daha çox maraqlıdır. Əgər əlacları olsa siyasi xarakterli bütün məhkəmələri qapalı keçirərlər.
Qısası, MTN məhkəməsinin Hərbi Məhkəmədə keçirilməsi hökumətin narahatlığının və ifşa olunmaqdan qorxmasının göstəricisidir.
Samir