Ərdoğan Tehran rejiminə sərt tpki göstərdi, Gül isə “gərginliyin qarşıdurmaya çevrilmə ehtimalı var” dedi
İran önümüzdəki həftə başlanması gözlənilən nüvə “P5+1” (BMT TŞ-nın daimi üzvləri və Almaniya) formatı ilə müzakirələrinin Türkiyədə keçirilməsinin mümkün olmadığını konkret dillə bildirib. Tehran rejimi Türkiyənin müzakirələrdən çıxarılmasına səbəb kimi Ankaranın Suriya məsələsindəki mövqeyini göstərib. İran parlamentinin xarici əlaqələr komissiyasının sədri Ələddin Burucərdi “Əl Aləm” televiziyasına açıqlamasında “Türkiyə artıq prosesdən çıxarılıb” deyib.
“AFP” agentliyinin xəbərinə görə komissiya sədri Türkiyənin Suriya məsələsində “radikal və məntiqsiz rəftarını” əsas gətirərək Ankaranın nüvə müzakirələrinə ev sahibliyi etmə imkanını itirdiyini söyləyib. Halbuki müzakirələrin İstanbulda keçirilməsi təklifi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı Tehran rejimi tərəfindən irəli sürmüşdü.
Baş nazir Ərdoğan nüvə müzakirələr üçün İstanbulu deyil Dəməşq və ya Bağdadı düşündüklərini açıqlayan İran hakimiyyətinə sərt təpki göstərib. Ərdoğan İranı müzakirələri pozmaqda günahlandırıb:“Ortaya atılan Dəməşq və ya Bağdad təklifi ipə un sərməkdi. Bu iş olmasın deməkdir. Çünki qarşı tərəfin Dəməşqə, Bağdada gəlməyəcəyini bilir. Durub “bax biz Dəməşqi də, Bağdadı da təklif etdik” deyəcəklər. Dürüst olmaq lazımdır. Dürüst olmadıqları üçün dünyadakı etimadlarını itirməyə davam edəcəklər. Bu diplomatiyanın dili deyil, başqa bir dildir. O da mənə yaraşmaz”.
Ankara-Tehran gərginliyi artdığı bir vaxtda Türkiyə prezidenti Abdulla Gül Hərbi Akademiyada çıxışı zamanı “İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin sərt qarşıdurmaya çevrilmə ehtimalı var” deyib. Gül bölgədə yaranamış gərginliyin regional təhlükəsizliyə ciddi təhdid yaratdığını söyləyib:“Yaxın qonşularımızda qeyri-sabit vəziyyət cərəyan edir. Bu durumda Türkiyənin prosesləri uzaqdan izləməsi mümkün deyil. Türkiyə üçün diplomatik aktivlik və hərbi hazırlıq bir seçim deyil, məcburiyyətdən doğan amildir”
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner nüvə danışıqlarının gələn həftə İstanbulda keçirilməsini istədiklərini bildirib. Toner danışıqların aprelin 13-14-də baş tutacağına ümid etdiklərini, lakin görüşün yerinin dəqiqləşdirilmədiyini deyib. Sözçü Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştonun İranla nüvə danışıqlarının növbəti raundunun vaxtını və yerini dəqiqləşdirməyə çalışdığını deyib.
Bu arada Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranla bağlı yeni hesabatını açıqlayıb. MKİ-nin direktoru Ceyms Klapper tərəfindən Konqresə təqdim olunan hesabat “Kütləvi qırğın silahları və hərbi texonologiyaların satın alınması” adlanır. Sənəddə deyilir ki, İran 2011-ci ildə nüvə proqramını inkişaf etdirməyi davam etdirib. Hesabatda qeyd olunur ki, İran Qumdakı “Fordo” yeraltı nüvə obyektlərində yeni sentrifuqalar quraşdırıb. Sənəddə həmçinin 2011-ci ildə İran rəhbərliyinin nüvə fəaliyyətlərində bəzi maneələrlə qarşılaşdığı vurğulansa da, ancaq bu maneələrin nədən ibarət olduğu açıqlanmayıb. İran raket sistemlərini inkişaf etdirmək üçün Rusiya, Çin və Şimali Koreyadan bəzi detalları aldığı MKİ-nin hesabatında vurğulanıb.
İranın yaxın müttəfiqlərindən sayılan Çin Tehran rejiminə qarşı sanksiyalara qoşulur. Çinin “P&I club” sığorta şirkəti 2012-ci il iyunun 1-dən etibarən İranın neft daşıyan gəmilərinə xidmət göstərməyəcəyini və onların lisenziyasını ləğv edəcəyini açıqlayıb.
İnformasiya şöbəsi