Üç qurum «Azadlıq»ın maliyyə direktorunun həbsilə bağlı qərəzli məlumat yaydı
“Azadlıq” qəzetinin maliyyə redaktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli avqustun 23-də Nərimanov Polis Idarəsindən Kürdəxanıda yerləşən Bakı Istintaq Təcridxanasına köçürülüb. Bu barədə “Azadlıq” qəzetinə onun vəkili Aqil Layıcov məlumat verib.
Xatırladaq ki, Faiq Əmirli haqqında avqustun 22-də Nəsimi Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluq, Daxili Işlər Nazirliyi (DIN) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) isə Faiq Əmirlinin həbsilə bağlı birgə məlumat yayıb. Faiq Əmirli barədə həbs qətimkan tədbiri seçilərkən dövlət ittihamçısı onun imam olduğunu, moizələr oxuduğunu iddia etmişdi. Görünür, bu iddia cəmiyyətdə gülüş doğurduğuna görə, Baş Prokurorluq, DIN və DTX-nın məlumatı bir qədər korrekt verilib. Lakin burada xeyli qərəz var. Məsələn, bildirilir ki, Faiq Əmirli “Azadlıq” qəzetinin maliyyə direktoru kimi öz qulluq mövqeyindən sui-istifadə edərək “Hizmət hərəkatı”nın təəssübkeşləri ilə birlikdə, məzmununda “fətullahçılığı”, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını təbliğ edən, milli ləyaqətin alçaldılması məzmunlu ədəbiyyatı və elektron informasiya daşıyıcılarını yaymaq məqsədilə saxlamasına, habelə öz adının və mobil telefon nömrələrinin olduğu “Hizmət imam”ları siyahısında adları qeyd olunan şəxslərlə də qarşılıqlı əlaqələrinə dair əsaslı şübhələr müəyyən olub.
Məlumatda “Hizmət hərəkatı”nın təəssübkeşlərinin kimlər olduğu göstərilmir. Tutaq ki, bu istintaq sirridir. O zaman Faiq Əmirlinin harada “fətullahçılığı” təbliğ etdiyi niyə açıqlanmır? Digər tərəfdən, prokurorluq haradan bilir ki, Faiq Əmirli “fətullahçılığı” təbliğ edən ədəbiyyatı yaymaq məqsədilə saxlayıb. Bəlkə elə məhv etmək istəyirmiş? Biz hələ demirik ki, həmin ədəbiyyat Faiqin avtomobilinə əməliyyatçılar tərəfindən qoyulub. Bunun görən şahidlər var. Sosial şəbəkələrdə onların açıqlamalarının videogörüntüsü də yayılıb.
Faiq Əmirlinin evində və maşınında aparılan axtarış da təhrif olunmuş formada verilib. Məlumatda iddia edilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən Faiq Əmirlinin yaşadığı ünvanda və avtomobilində həyat yoldaşının, eləcə də özünün dəvət etdiyi hal şahidlərinin və “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin iştirakı ilə axtarış aparılmışdır. Faiq Əmirov dindirilmə prosesinə cəlb edildiyindən, avtomobilinin açarlarını Təzəxan Mirələmliyə şəxsən təqdim etmiş və sonuncu onun həyat yoldaşının və hal şahidlərinin iştirakı ilə avtomobilin qapılarını və yük yerini açmışdır.
Axtarış zamanı avtomobildən idxalına müvafiq razılıq tələb edilən Fətullah Gülənə həsr olunmuş 3 kitab, onun xütbələrinin video yazısı olan 8 disk, mənzilindən isə “Azadlıq” qəzeti redaksiyasının qaimə-fakturalarının toplandığı 2 sellofan torba, elektron informasiya daşıyıcıları və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.
Bəs Faiq Əmirlinin evində aparılan axtarış barədə akta hal şahidlərinin əlavə etdiyi qeydlərdən niyə söhbət açılmır? Məsələn, niyə deyilmir ki, axtarış Faiq Əmirlinin vəkilini və iş yoldaşlarını gözləmədən aparılıb?
Maşındakı axtarışa gəlincə, avtomobilin açarı Faiq Əmirli həbs olunarkən ondan alınıb. Açar 1 saat əməliyyatçılarda qalıb. Bu müddət ərzində onlar maşının yük yerinə məlum kitabları və diskləri qoyublar. Yuxarıda qeyd etdik ki, bunu görənlər var. Bu əməliyyat bitəndən sonra açar Faiqə qaytarılıb.
Kitablara gəlincə, bu kitablardan birinin redaktoru baş prokurorun mərhum əmisi Zahid Qaralovdur. Ölkə başçısı Ilham Əliyevin vəkili olan, “525-ci qəzet” baş redaktoru Rəşad Məcid həmin kitablardan birinə ön söz yazıb. Baş Prokurorluqdan BBC-yə bildirilib ki, Gülənin kitabları qadağan olunmayıb. Amma məlumatda bildirilir ki, guya bu kitablar müvafiq razılıq əsasında ölkəyə gətirilə bilər. Axı bu kitablardan ikisi Azərbaycan dilində olub və Azərbaycanda nəşr olunub. Onları heç kim Azərbaycana gətirməyib. Niyə məlumatda bu barədə danışılmır? Əgər obyektiv araşdırma aparılırsa, bu dettalara diqqət yetirilməlidir. Yetirilməyib. Səbəb isə bəllidir: Faiq Əmirli siyasi sifariş əsasında həbs olunub. Onun günahı budur ki, “Azadlıq”ın yayım direktoru və AXCP sədri Əli Kərimlinin köməkçisidir.