Rayonda inanclı insanlar təhqir edilərək, onların saqqalları zorakılıqla qırxılır
Zaqatala rayon sakinləri Allahyar Soltan oğlu Yusubov, Abakər Ömər oğlu Qazıyev, Vüsal Nadir oğlu Cəbrayılov və Elşad Adil oğlu Musayev Şəki Inzibati Iqtisad Məhkəməsinə müraciət edərək, saqqallı şəkillə şəxsiyyət vəsiqəsinin verilməsini və buna mane olan Zaqatala rayonunun vəzifəli şəxslərinin cəzalandırılmasını xahiş ediblər. Bu iş Şəki Inzibati Iqtisad Məhkəməsinin hakimi Səadət Zeynalovanın icraatındadır.
Aldığımız məlumatda göstərilir ki, 2010-cu ildə Vüsal Cəbrayılovun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti ötüb. O vaxtdan dəfələrlə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin qeydiyyatla bağlı müvafiq qurumuna müraciət etsə də, saqqalı olduğu üçün müraciəti qəbul edilmir. Ona bildirilir ki, yalnız saqqalını qırxdığı halda, şəxsiyyət vəsiqəsi veriləcək.
2 yaşlı uşaqla “avtoşluq”
Elşad Musayev də yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün 2010-cu ildə müvafiq quruma müraciət edib. Lakin saqqallı olduğundan ona da yeni şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilib. Ona hətta üstəlik, saqqalına görə cəzalanacağı da bildirilib. 1 sentyabr 2010-cu ildə Vüsal Cəbrayılov, Elşad Musayev və onun 2 yaşlı qızı avtomaşınla gedərkən heç bir qayda pozuntusuna yol vermədiyinə baxmayaraq, maşını Zaqatala rayonunun yol polisləri saxlayıb. Maşındakıları zorkılıqla Yol polisi şöbəsinə aparıblar. Orada onlar Rövşən adlı polis mayorunun təhqirlərilə üzləşiblər. Daha sonra yalançı şahidlərin ifadəsi əsasında onlar avtoxuliqanlıqda ittiham olunublar. Guya, onlar 2 yaşlı uşağın da olduğu maşınla avtoxuliqanlıq ediblər!
Bu ittiham əsasında məhkəmənin qərarı ilə Vüsal Cəbrayılova 8, Elşad Musayevə isə 3 sutka inzibati qaydada həbs cəzası verilib. Həbs müddəti bitdikdən sonra hər iki möminin əlləri polislər tərəfindən tutulub, gözlərini də bağlayıb, məcburən onların saqqallarını qırxıblar. Həmin müddətdə Elşad Musayev Həcc ziyarətinə hazırlaşdığı üçün vəsiqəsinin verilməməsini mübahisələndirmək imkanı olmayıb. Çətin vəziyyətdə olduğundan saqqalı qırxılmış formada şəklinin əks olunduğu şəxsiyyət vəsiqəsini alıb. Həcc ziyarəti üçün sənədlərini hazırladıqdan sonra yenidən müraciət edərək gündəlik həyatda ona xas olan xarici görkəmdə saqqallı olduğu üçün elə həmin şəkildə şəxsiyyət vəsiqəsinin verilməsini istəyib. Lakin onun bu müraciəti təmin olunmayıb.
Polis: “Sizdən iyrənirəm!”
Allahyar Yusubova və Abakər Qazıyevə gəlincə, onlar 26 iyun 2011-ci ildə şəxsiyyət vəsiqələrinin müddəti keçdiyi üçün sənədlərinin dəyişdirilməsi məqsədilə Zaqatala rayon Polis Şöbəsinə gediblər. Polisin həyətində olarkən onlar saat 14:30 radələrində şöbənin rəis müavini, polkovnik-leytenant Kamandar Həsənov, Teymur Mehbalıyev tərəfindən saxlanılıblar. Möminlər Kamandar Həsənovun xidməti otağına gətirilərək, sorğu-sual olunublar. K.Həsənov “Bu nə saqqaldır?! Mən sizdən iyrənirəm!” deyərək dindarları təhqir edib.
Şikayət etsəniz, özünüzdən küsün!
Polis şöbəsində saxlanılan vaxt A.Qazıyevin üstünə 7-8 nəfər polis işçisi hücum edərək, ona zərbələr endirib, yerə yıxıb-sürüyüblər, sonra o vəziyyətdə onun saqqalını qırxıblar.
A.Yusubov əyləşmiş vəziyyətdə bir neçə polis əməkdaşı onun əllərini arxadan tutaraq, saqqalını zorla qırxıblar. Polislər bu zorakı hərəkətlərlə yanaşı, möminlərin ünvanına nalayiq ifadələr də söyləyərək bildiriblər ki, səhər gedib yeni şəxsiyyət vəsiqələrini alsınlar və heç yerə də şikayət etməsinlər – yoxsa, onlara daha ağır cəzalar veriləcək.
A.Yusubov və A.Qazıyev polis şöbəsindən evə 26 iyul saat 22:30-da buraxılıb. Bundan əvvəl isə sahə müvəkkili vəzifəsini müvəqqəti icra edən inspektor Sahəddin Həsənov onların barəsində protokol tərtib edib və müvafiq qərar əsasında hər biri 50 manat cərimə olunub.
Protokola əsasən, möminlər guya, Zaqatala Rayon Məhkəməsinin inzibati binasının qarşısında səs-küy salaraq xırda xuliqanlıq etdiklərinə görə Zaqatala RPŞ kiçik inspektoru Rauf Nurullayev onları saat 16:40-da polisə gətirib…
Şikayət var, eşidən yox
Allahyar Yusubov və Abakər Qazıyev Zaqatala polisinin qanunsuz hərəkətlərindən prezident I.Əliyevə, baş prokuror Z.Qaralova, Insan Hüquqları üzrə Müvəkkil (Ombudsman) E.Süleymanovaya, Daxili Işlər naziri R.Usubova, Milli Təhlükəsizlik naziri E.Mahmudova, Işgəncələrə Qarşı Komitənin sədri E.Behbudova və digər səlahiyyətli qurumlara işin araşdırılaraq cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmaları haqda müraciətlər göndərib.
Kompüterin kəraməti
27 fevral 2012-ci ildə Şəki Inzibati Iqtisad Məhkəməsində keçən məhkəmə prosesində Zaqatala Polis Şöbəsinin nümayəndəsi bütün iddiaları rədd edib. O, öncə uzun saqqallı şəkillərlə şəxsiyyət vəsiqələrinin verilməsinin qanunvericiliyə uyğun olmadığını bildirib. Lakin daha sonra saqqalın icazə verilən uzunluq həddi, bu həddin kim tərəfindən və necə müəyyən edilməsi barədə suallara cavab verə bilmədikdə fikrini dəyişib. O günahı kompüterin üstünə ataraq şəkilləri kompüterin qəbul etmədiyini deyib (?!).
Polis Şöbəsinin nümayəndəsi bu arqumentini də əsaslandıra bilmədiyi üçün ümumiyyətlə, saqqallı şəkillə şəxsiyyət vəsiqəsinin verilməsindən imtina etmədiklərini bildirib. Onun sözlərinə görə, saqqalının uzunluğundan asılı olmayaraq, istənilən şəxs şəxsiyyət vəsiqəsilə təmin olunur.
Dəyirman öz işindədir…
Polis Şöbəsi bu qurumdakı təhlükəsizlik kameralarının çəkilişlərinin məhkəməyə təqdim olunması barədə hakimin qərarını icra etməkdən də yayınıb.
Bütün bu hadisələrdən sonra Zaqatala rayonu, Muxaq kənd sakini Ağalarov Islam Əli oğlu da polislər tərəfindən döyülərək, zorla saqqalı qırxılıb…
Natiq