Gənc xanımlar arasında aparılan araşdırma hansı nəticəni ortaya qoydu?
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycan əhalisinin 50,4 faizi (4 milyon 661,7 min nəfər) qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi 28,3 faiz, sahibkarlar arasında isə 16,2 faizdir. Milli Məclisdə qadın deputatların xüsusi çəkisi 16 faizdir. 2009-cu ildə bələdiyyə üzvü seçilmiş qadınların sayı 4194 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olub. Son altı ayda Azərbaycanda Facebook istifadəçilərinin sayı 211 mindən çox artıb. Hazırda Azərbaycanda bu sosial şəbəkə istifadəçilərinin 64 faizi kişi, 36 faizi isə qadındır. Azərbaycan həm də Şərqdə qadına ilk seçim hüququ verən dövlətdir. Buna baxmayaraq, qadınlar siyasi-ictimai proseslərdə passiv iştirak edir. Xüsusilə gənc xanımlar partiyalarda, təşkilatlarda seyrək gözə dəyir. Azərbaycan həm də qadınların hüquqlarının tapdalandığı ölkədir. Qərara gəldik ki, bu problemlərin səbəbləri ilə bağlı gənc xanımlar arasında araşdırma aparaq.
Suallarımız belədir:
– Azərbaycanda qadınların hüququ nə qədər qorunur? Kimlər onların hüququnu pozur?
– Azərbaycanlı gənc xanımlar niyə siyasi, ictimai təşkilatlarda kişilərlə müqayisədə çox az təmsil olunur?
Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin icraçı koordinatoru Aygün Pəncəliyeva: “Azərbaycanda nə qadınların, nə də kişilərin hüquqları qorunur. Yəni hüquq pozuntusu məsələsində insanları cinslərinə görə qruplaşdırmağın tərəfdarı deyiləm, hələ ki. Belə deyim, Azərbaycanda kimin hüququ pozulmur ki?
Azərbaycanlı gənc xanımların siyasi-ictimai təşkilatlara daha az qoşulması məncə, daha çox iqtisadi səbəblərlə bağlıdır. Özümdən götürürəm, valideynlərimdən maddi asılılığım olsaydı, mənim də belə problemlərim ola bilərdi. Təbii ki, bunu təkcə maddi asılılıqla da əlaqələndirə bilmərik. Gənc xanımların özləri də o qədər təşəbbüskar deyillər və işləməyə tənbəllik edirlər. Maddi cəhətdən müstəqil olmağa can da atmırlar. Daha rahat olanı seçirlər”.
Fəal gənc Gültəkin Verdiyeva: “Azərbaycanda qadın hüquqları ilk növbədə mentalitet bəhanəsi ilə pozulur. Mentalitet adı altında hər kəs, hətta qadınlar da digər qadınların hüququnu pozur. Daha çox atalar, qardaşlar və həyat yoldaşları bu hüquqları qadınlardan alırlar. Siyasi aktivliyin zəif olması da həm ailədaxili təzyiqdən, həm də ictimai qınaqdan irəli gəlir. Qadın nədir, siyasət nədir? Qadın nədir, aktivlik nədir?.. kimi fikirlər nəinki qadınların huquqlarını, həmçinin onların psixikasını da pozur”.
AXCP Gənclər Komitəsinin üzvü Natəvan Həsənli: “Azərbaycanda qadınların əksəriyyətinin öz hüquqlarını bilməməsi qadın hüquqlarının pozulmasına səbəb olur. Qadınlara qarşı ailədaxili zorakılıq, məişət zorakılığı, qadınların hüquqlarının pozulması bu gün Azərbaycanda ən çox qarşılaşdığımız və danışılan mövzudur. Bu hüquqların pozulmasında bəzi qadınların özləri günahkardır, onlar tələb etməyi bacarmırlar. Bunu da mental düşüncə tərzi ilə izah etmək olar. Qısası, qadınlar özlərini asılı sayır və huquqlarını tapdaladırlar.
Siyasətə gəlincə, yuxarıda qeyd etdiklərimi tam səbəb kimi göstərə bilərəm. Mental düşüncələr qadını siyasətə yaxın buraxmır”.
AXCP Gənclər Komitəsi üzvü Türkel Quliyeva:“Heç bir diktatura rejimində insan haqlarından danışmaq olmaz. Azərbaycanda qadınların hüquqları, demək olar, çox aşağıdır. Son zamanlar qadına şiddət də əsas problemlərdən birinə çevrilib. Tək ailədə yox, hər yerdə bu problemlə rastlaşa bilərik. Buna misal olaraq mitinqlərdə xanımlarımıza qarşı polislərin etdiyi zorakılıqları göstərə bilərik. Bizim kişilərdə belə bir düşüncə var: ”Qadın öz evində oturub, öz işi ilə məşğul olmalıdır”. Yəqin ki, bu düşüncə xanımların zərif məxluq olduqlarından irəli gəlir. Bu baxımdan xanımların siyasi təşkilatlarda fəaliyyət göstərmələri bir az çətindir. Siyasətlə məşğul olan xanımların isə çoxu gizli fəaliyyət göstərmək məcburiyyətində qalır. Yəni ailədən xəbərsiz. Belə düşünürəm ki, biz özümüz öz hüquqlarımızı qorumalıyıq və bunun üçün əlimizdən gələni etməliyik. Fikirlərimizi yeri gələndə açıq şəkildə deməliyik, qorxmamalıyıq. Hüquqlarımızı qorumaq üçün inamla mübarizə aparmalıyıq”.
Tələbə Həvva Cəlilzadə: “Azərbaycanda qadın hüququ deyilən bir şey yoxdur ki, o da pozulsun. Əgər nəzərə alsaq ki, belə bir şey var, mən qadın hüququnu pozan ən baş rolda valideynləri görürəm. Onların ”uşaq başıaşağı olmalıdır”, “siyasətə qarışmamalıdır”, “evə tez qayıtmalıdır” kimi anlayışları hüququn tapdalanmasına yetir. Bunun da nəticəsində çoxları ictimai-siyasi təşkilatlardan uzaq dururlar”.
Gənc jurnalist Sevinc Iltifat: “Azərbaycan qadınının hüququ o qədər də qorunmur. Bu, ailədən gəlir. Əvvəlcə ailədə oğlanla qız arasında fərq qoyulur. Məsələn, oğlan evə gec gələ bilər, qız yox, oğlan nə istəsə edə bilər, qız yox. Sonra ali təhsil məsüləsində nə qədər qızlar var ki, öz istədikləri ixtisası deyil, valideynləri istədiyi ixtisası seçmək məcburiyyətində qalırlar. Gərək Azərbaycan qadını ancaq ya həkim, ya tibb bacısı, ya da müəllim ola. Mən jurnalistikanı seçəndə evdə nə qədər problemlərim oldu. Hardasa qadının özündən də asılıdır. Öz hüquqlarını qorumalıdır. Ailə quranda da ciddi şəkildə hüquqlar tapdalanır. Valideynlər çox vaxt qızlarını öz istədikləri adamla evləndirmək istəyirlər. Müasir dövr üçün bu çox gülüncdür. Bunu üçün gərək təfəkkür dəyişə, sovet düşüncəli insanlar aradan çıxa. Heç bir kişi istəmir ki, qadını səhər çıxa, axşam evə gələ, hansısa ezamiyyətlərə gedə. Bütün bunlara görə də qadınlar öz ailəsini üstün tuturlar və karyera qura, ictimai təşkilatlarda işləyə bilmirlər. Fəal qadınlar var ki, onların da ailəsi yoxdur. Buna görə də gərək insanların təfəkkür tərzi dəyişə ki, qadınların hüquqları qoruna”.
Tələbə Ayşə Nağdəliyeva:“Azərbaycanda qadınların hüquqları, əsasən də gənc qızların hüquqlarını ailəsi, valideynləri pozur. Valideynlərin qızlarına güvənməməsi məsələsi var. Qızlarına qarşı çox mühafizəkardılar. Düzdür, bəzən oğlanlara da bu tətbiq olunur. Nədənsə, bəzi ailələr elə sanırlar ki, oğlanlar tək harasa getsə, narkoman olacaq, qızlar isə pozğun. Düzü, bu məntiqə hardan gəldikləri maraqlıdır. Qızlara qarşı evdə təzyiq daha çoxdur, nəinki oğlanlara. Onlara daha çox azadlıq verilir, nəinki qızlara. Fikrimcə, ictimai-siyasi həyatda hazırda qadınlar kifayət qədər yaxşı təmsil olunurlar. Amma bunun çox olmamasının səbəbləri də var. Kişilər qadınların onlarla bir mühitdə olmasını istəmir, onların uğurlarına qısqanırlar. Amma inanıram ki, hər şey daha yaxşı olacaq və Azərbaycan qadınları öz hüquq və azadlıqlarını daha uğurla müdafiə edəcəklər”.
Bəyim Həsənli