Stefan Füle ölkəmizə səfəri zamanı hökumətlə jurnalistlərin həbsi məsələsini də müzakirə edəcək
Martın 29-da Brüsseldə Azərbaycanda insan haqları və ifadə azadlığının durumuyla bağlı tədbir keçirilib. “Avro-Vision” adlı tədbirdə Avropa Parlamentinin üzvləri, Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə ali komissarı Stefan Füle də iştirak edib.
Tədbirdə iştirak edən “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə Ismayıl qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycandakı insan hüquq və azadlıqlarıyla bağlı vəziyyət, o cümlədən ölkəmizdə ifadə azadlığının narahatlıq yarahatlıq yaradan durumu ətrafında məruzələr səslənib. Məruzəçilər Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
Avropa Birliyinin komissarı Stefan Füle Azərbaycanda baş verən son hadisələr, o cümlədən Quba olaylarına görə jurnalistlərin həbsindən ciddi narahatlıq keçirdiklərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Füle yaxın günlərdə Bakıya səfəri zamanı bu məsələləri Azərbaycan rəsmilərilə müzakirə edəcəyini də tədbirdə bəyan edib.
Xədicə Ismayılın sözlərinə görə, Avropa Parlamentinin bir sıra üzvləri də Azərbaycandakı ictimai-siyasi durumdan narahatlığını bölüşüb. Avropa Parlamentinin üzvü Ulerike Lunçek Azərbaycana səfəri zamanı siyasi məhbuslarla görüşməyə cəhd göstərəcəyini də qeyd edib.
Informasiya şöbəsi