Yanğından zərərçəkənlərin məcburi şəkildə məhkəməyə gətirilməsi barədə qərar çıxarıldı
Ötən ilin aprelində Xətai rayonunda 9 mərtəbəli yaşayış binasında baş vermiş yanğından ziyan çəkmiş sakinlər məhkəməyə çağrılsalar da, gəlmirlər. Bu yanğın Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Ismayılovun sədrliyi ilə araşdırılır.
Dünən keçirilən məhkəmə iclasında hakim bildirib ki, zərərçəkmişlərin bir qismi həm telefonla məhkəməyə dəvət olunub, həm çağırış məktubu, həm də gəlməyəcəkləri təqdirdə məcburi gətiriləcəklərinə dair xəbərdarlıq məktubu göndərilib. Amma onlar yenə də məhkəməyə gəlməkdən imtina edirlər.
Prokuror təklif edib ki, zərərçəkmişlər bir daha məhkəməyə çağrılsın, gəlməsələr, sonra barələrində məcburi gətirilmə qərarı çıxarılsın. Amma vəkillər elə indidən məcburi gətirilmə qərarı çıxarılmasını istəyib. Məhkəmə yanğından zərərçəkmişlərin məcburi gətirilməsi haqda qərar çıxarıb. Qərar icra olunması üçün zərərçəkmişlərin yaşadığı ərazi üzrə polis idarəsinə göndəriləcək.
Bu bina yanğını ilə əlaqədar üç nəfər təqsirləndirilən şəxs qismində tanınıb – binanı poliuretan materialla üzləyən “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara qarşı CM-nin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.
Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, “Astoriya” MMC adlı tikinti şirkətinə rəhbərlik etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, “TNH” şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.
Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı Istintaq Təcridxanasında dünyasını dəyişib. Onun oğlu məhkəmədə hüquqi varisi qismində tanınıb və o, atasının barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Aytən