İyulun 29-da Nərimanov rayon Məhkəməsi ANS şirkətlər qrupunun Aznews.az saytında dərc edilən bəzi yazılardan şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mülki iddiasına baxıb.
Məhkəmədə ANS-in iddiası üzrə linqvistik ekspertizanın nəticəsi açıqlanıb. Linqvistik ekspertiza sözügedən saytda yayılan, telekanalın aşağılayıcı məzmunda olduğunu iddia etdiyi məqalələr barəsində olub.
Ekspertiza belə bir nəticəyə gəlib ki, Aznews.az saytında yayılmış “Vahid Mustafayevin biznesi çökür, kütləvi ixtisarlar başlayır” və “Vahid Mustafayevin yaxın qohumu istefa verir ” sərlövhəli məqalələrdə ANS şirkətlər qrupunun nüfuzuna xələl gətirən ifadələrə yer verilməyib.
Ekspertiza rəyi elan edildikdən sonra, proses ANS təmsilçiləri salonda olmadığından ertələnib.
Aznews.az-ın vəkili Səməd Vəkilov ekspertiza rəyinin iddianın rədd olunmasında yetərli olduğunu deyib.
ANS Aznews.az saytında yayılan məqalələrdə işgüzar nüfuzunun aşağılanması iddiası ilə məhkəməyə müraciət etmişdi. Şirkət saytın 60 min manat cərimələnməsini tələb edirdi. Uzun müddət idi ki, ekspertiza rəyinin açıqlanması yubanırdı.
Bu iyulun 29-da ANS-ə xoş olmayan yeganə məhkəmə xəbər olmayıb
Bakı Apellyasiya Məhkəməsi iyulun 29-da Milli Teleradio Şurasının müraciəti əsasında ANS telekanalının yayım lisenziyasını da ləğv edib.