20 beynəlxalq təşkilat Əliyevləri ittiham edən geniş hesabat yaydı
Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (İPGA) növbəti hesabatını hazırlayıb. Sənəd 2010-cu ilin sentyabrından 2012-ci ilin martına kimi olan dövrü əhatə edir.
“Azərbaycanda söz azadlığının hazırkı vəziyyəti həyəcan doğurur. Belə ki, jurnalistlərə qarşı zorakılıq halları və hücum edənlərin cəzasız qalması davam edir. Jurnalistlər, blogerlər, hüquq müdafiəçiləri, siyasi və vətəndaş cəmiyyəti fəalları hakimiyyət tərəfindən artan təzyiq və təqiblərə məruz qalır”, – deyə «Azərbaycanın boğulmuş səsləri» adlı hesabatda bildirilir.
Hesabatda jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıqdan, onların susmağa məcbur edilməsinə cəhddən, dinc toplaşma hüququnun məhdudlaşdırılmasından, QHT-lərə, hüquq müdafiəçilərinə və vəkillərə edilən təzyiqlərdən danışılır.
İPGA bu problemlərin həlli və ölkədə ab-havanın yaxşılaşdırılması məqsədilə Azərbaycan hakimiyyətinə bir sıra tövsiyələr hazırlayıb. Bura əsasən məhkum olunmuş vicdan məhbuslarının dərhal azadlığa buraxılması, jurnalistlərə qarşı zorakılıq faktlarının araşdırılması və diffamasiyanın dekriminallaşdırılması daxildir.
“Bu problemlər Azərbaycanda keçiriləcək “Eurovision” müsabiqəsi və “İnternet Forumu” ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanlı jurnalistlər və hüquq müdafiəçiləri tez-tez soruşurlar: “Eurovision”dan sonra nələr baş verəcək?”, – dyə sənəddə qeyd olunur.
IPGA ümid edir ki, bu hesabat beynəlxalq birliyi Azərbaycanda söz azadlığının vəziyyətinin monitorinqi və hakimiyyəti qanunazidd əməllərdən çəkindirmək üçün səylərini daha da artırmağa sövq edəcək.
Beynəlxalq koalisiyaya “Article 19”, “Sərhədsiz Reportyorlar”, “Senzura İndeksi” və bu kimi 20-yə yaxın başqa təşkilat daxildir (“Turan”).
«Eurovision müsabiqəsi öncəsi Azərbaycan hakimiyyəti ifadə azadlığı məkanını inkişaf etdirmək yönündə addım atmaqdansa, öz tənqidçilərini susdurmaqla məşğuldur. Söz azadlığına bu təzyiqlərə son qoyulmalıdır», – deyə hesabat barədə danışan “Article 19” təşkilatının icraçı direktoru Agnes Kallamard bildirib.
Ötən ay Azərbaycan hökuməti Quba və Bakı şəhərlərində etirazları susdurmaq üçün həddən artıq güc tətbiq edib, etirazçıları, o cümlədən tanınmış rok-ifaçı Camal Əlini həbs edib və inzibati ittihamlarla saxlayıb. Quba hadisələrini işıqlandıran 4 jurnalist dustaqdır, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın evinə gizli kamera qoyularaq şantaj edilib, şəxsi görüntüləri yayımlanıb (“Azadlıq” radiosu).
«Azərbaycan özünü demokratik, müasir ölkə kimi göstərmək üçün ciddi cəhdlə çalışır. Amma ictimai fəallara və jurnalistlərə son hücumlar onu üzə çıxarır ki, hökumət öz xalqının səsini eşitmək istəmir. Hakimiyyət ifadə azadlığı ilə bağlı real öhdəlik götürməlidir və beynəlxalq ictimaiyyət də bunu ondan tələb etməlidir», – deyə «Senzura İndeksi” təşkilatının redaktor müavini Natasha Şmidt bildirib.