Nəqliyyat müfəttişləri onlara pul verməyən taksi sürücüsünü ölümcül hala saldı
Namiq Həsənov: “Günahkar kimdirsə cazasını alacaq”
Martın 26-da paytaxtda taksi sürücülərindən biri Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən ölümcül döyülüb. Buna səbəb isə müfəttişlərin taksi sürücüsündən 100 manat tələb etməsi olub. Pulunun olmadığını deyən sürücü nazirliyin əli belli qoçuları tərəfindən ölümünə döyülüb.
Adını dəqiqləşdirə bilmədiyimiz sürücünün başına və bədəninə bel ilə vurublar. Yaxınlıqdan keçən və hadisəyə şahid olan bir nəfər olayı telefon vasitəsi ilə çəkib. Müfəttişlərin sürücünü niyə görə döydüyünü soruşduqda nazirliyin əməkdaşları “bu bizim işimizdir” deyə cavab verib. Qeyd edək ki, hadisə 8-ci mikrorayon ərazisində “qoşa zapravka” deyilən yerdə səhər saatlarında baş verib. Hadisədən sonra müfəttişlər ölümcül hala salınan sürücünü elə yolun ortasında buraxaraq “90 AF 364” xidməti maşınlarına oturaraq ərazidən uzaqlaşıblar. Hadisədən sürücünü yoldaşları əraziyə gəliblər və dərhal Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat veriblər. Yoldaşları tərəfindən xəstəxanaya çatdırılan sürücünün vəziyyəti ağır olub. Olayın lentə alınmış görüntüsü isə Daxili İşlər Nazirliyinə təqdim olunub. Hadisə ilə bağlı araşdırma aparılır (musavat.com).
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib ki, bu işlə artıq Daxili İşlər Nazirliyi məşğul olur: “Biz günahkarın kim olduğunu müəyyənləşdirib, lazım olan təbdirləri görəcəyik. Günahkar kimdirsə cazasını alacaq”.
Bu nəqliyyat müfəttişlərinin qoçuluğu ilə bağlı birinci hal deyil. 2010-cu il noyabrın 5-də Bakının Nərimanov rayonunda “Yaşıl bazar”ın qarşısında Ziya Məmmədovun qoçuları taksi sürücüsünün ölümünə bais olub. Nəqliyyat Departamentinin işçiləri taksi fəaliyyəti ilə məşğul olan “KIA” markalı avtomobilin dövlət nömrə nişanını açmaq istəyib. Bu zaman onlarla sürücü, 59 yaşlı Böyükağa Həsənov arasında mübahisə düşüb və sürücü qəflətən dünyasını dəyişib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Nəqliyyat Departamentinin işçisinin adı Faiqdir. Daha sonra 2010-cu ilin martın 24-də Binəqədi şossesində yerləşən “Zəngəzur” restoranının qarşısında Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” departamentinin 3-4 əməkdaşı ilə “ANT” şirkətlər qrupuna məxsus “MAZ” markalı avtomaşının sürücüsüÿ Eldar Zülfüqarov arasında dava düşmüşdü və sürücü hadisə zamanı dünyasını dəyişmişdi.
2009-cu il avqustun 10-da isə Bakıdan Xaçmaza daş apararkən Dəvəçi rayonu ərazisində sürücü Mehman Əmirquliyev müfəttişlərin hücumuna məruz qalaraq ölümcül döyülmüşdü.
Həmin hadisə təsadüfən ərazidən keçən digər bir sürücü tərəfindən mobil telefonun yaddaşına köçürmüşdü və M.Əmirquliyevin müfəttişlər tərəfindən döyüldüyünü əks etdirən videogörüntü KIV tərəfindən yayımlanmışdı.
İNformasiya şöbəsi