AXCP Gənclər Komitəsi Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayevin vəkili Asabəli Mustafayevin müdafiə etdiyi şəxslə görüşünə növbəti dəfə əngəl yaradılıb. Bu barədə vəkil “Azadlıq”a məlumat verib. Onu sözlərinə görə, artıq bir saatdır Sumqayıt Şəhər İdarəsi Polisinin qarşısında dayansa da, rəisinin olmadığını bəhanə gətirərək ona görüş verilmir. Halbuki vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün rəisin icazəsinə ehtiyac yoxdur.
Vəkil 102 xidmətinə zəng etdiyini, lakin heç bir nəticənin olmadığını deyir: “Artıq 4-cü dəfədir Ruslanla görüşə imkan vermirlər. İki cəhddən sonra iyulun 25-də görüşə icazə verildi. Rəisin olmadığını bəhanə gətirirlər. Ancaq vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün rəisin icazəsinə ehtiyac yoxdur. 1-2 xidmətinə zəng etmişəm, nəticəsi yoxdur. Ombudsman Aparatına zəng etdim, dedilər araşdırırıq. Ancaq nəticə yoxdur”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə ilə əlaqə saxladıq. Lakin o işdə olmadığını və məsələ ilə bağlı danışa bilməyəcəyini deyib.
Ombudsman Araratından isə bildirdilər ki, vəkilin müraciəti araşdırılır və qanun çərçivəsində ona köməklik göstəriləcək.
azadlıq.info