Regionlardakı dövlət obyektlərinin istənilən səviyyədə olmaması, onlardan ciddi gəlir əldə etməyi mümkünsüz edir
Azərbaycanda özəlləşdirmə prosesi bərpa olunandan sonra ilk növbədə bölgələrdəki müəssisələrin özəlləşdirilməsinə başlanacaq. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yeni yaratdığı Özəlləşdirmə Portalınınn təqdimat mərasimində bildirilib. Ictimai Təqdimatda ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib ki, dövlət başçısının fərman və tapşırıqlarına uyğun olaraq özəlləşdirilmə sahəsində yeni çağırışlar və müasir yanaşmalar tətbiq olunacaq. Sədr müavini bildirib ki, artıq prezidentin tapşırıqlarına uyğun olaraq ƏMDK bu sahədə fəal tədbirlərə başlayıb:
“Komitə özəlləşdirmə sahəsində uğurlu beynəlxalq təcrübəni öyrənib, özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısı hazırlanıb və təhlil edilib. Komitə tərəfindən Bakı və regionlarda müəssisələrin gələcək özəlləşdirmə perspektivləri, belə müəssisələrə yeni strateji xarici investorların cəlb edilməsi, həmçinin müəssisələrin iqtisadi durumu araşdırılıb. Bu proseslərə beynəlxalq məsləhətçilər və ekspertlər dəvət olunub. Həmin ekspertlərin özəlləşmənin optimal üsulları, strateji sahələrin idarəetməyə verilməsi və ya özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınıb”.
Sədr müavini qeyd edib ki, ilk növbədə regionlarda rəqabət qabiliyyətli potensialı olan fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük veriləcək. Bu yanaşma regionlarda sahibkarlığın inkişafı və iqtisadi aktivliyi artırmalıdır.
Özəlləşdirməyə məhz regionlardan başlanması büdcəyə vəsait cəlb olunmasına imkan yaradacaqmı? Çünki sayca 3-cü və ən iri özəlləşdirmə proqramının həyata keçirilməsinin bir məqsədi də məhz büdcənin maliyyə problemlərini həll etməkdir.
Illərdir baxımsız qalan və avadanlıqlarının əksəriyyəti köhnəlmiş müəssisələr büdcəyə pul, xarici investorları cəlb etməyə yetərli olacaqmı?
Iqtisadçı Samir Əliyev bildirdi ki, ümumən götürəndə Azərbaycanda büdcə kəsirinin örtümündə özəlləşdirmədən gələn gəlirlər çox kiçik faizli olub. Amma indi böyük özəlləşdirmənin başlanılması planlaşdırılır və bundan böyük vəsaitlərin əldə olunması nəzərdə tutulub. Çünki bu dəfə daha böyük obyektlər özəlləşdirməyə çıxarılacaq. Ona görə bu dəfə daha böyük gəlirlərin ola biləcəyi gözləniləndir”.
S.Əliyev də vurğuladı ki, regionlardakı dövlət obyektləri istənilən səviyyədə deyil. Köhnədən qalma avadanlıqlarla təchiz edilən bu obyektlər beynəlxalq standartlara uyğun deyil. Digər tərəfdən isə daşınmaz əmlak bazarında qiymətlərin ucuzlaşması da həmin obyektlərin ucuzlaşmasına gətirib çıxarıb: “Eyni zamanda regionlardakı müəssisələri kimin alacağı sual doğurur. Xaricimi, yoxsa yerli investorlar? Xarici investorun Azərbaycana gəlməsi nə qədər mümkündür? Onlar hələ də tərədüd içərisində yaşayırlar. Amma kiçik özəlləşdirmə ilə müqayisədə daxil olan gəlirlər çox olacaq. Amma bu gəlirlər büdcənin problemini həll edə bilməz”.
Xəyal