“The Daily Telegraph” yazır ki, Theresa May-in yeni hökumət kabineti Britaniyaya işləmək məqsədilə tələbə vizası ilə gələnlərin qarşısını almaq üçün tədbirlər proqramı hazırlayır.
Baş nazir bildirib ki, yeni tədbirlər planına görə Britaniyaya gəlmək üçün tələbə vizası yalnız “ən parlaq biliklərə malik gənclərə” veriləcək.
Daxili İşlər Nazirliyi tələbə vizalarını özü üçün biznesə çevirmiş saxta universitetlərin ifşası istiqamətində ciddi addımlıar atacaq, lakin ümumilikdə Britaniya universitetlərində təhsil almaq üçün verilən vizaların həcmi məhdudlaşdırılacaq.
May-in hökumət komandası inanır ki, beynəlxalq tələbə vizalarına qoyulan məhdudiyyət ümumilikdə ölkəyə miqrasiyanı əhəmiyyətli dərəcədə azalda bilər.
“The Telegraph” yazır ki, hökumət planlarından biri də əhəmiyyətsiz təhsil müəssisələrinin “Mickey Mouse” adlanan kurslar üçün viza vermək hüququndan məhrum edilməsidir.
Bundan başqa xarici tələbələr üçün viza müraciəti edən iniversitetlər təhsil başa çatdıqdan sonra bu tələbələrin öz ölkələrinə qayıtmalarına cavabdehlik daşıyacaq.
Məqalədə deyilir ki, Theresa May hələ daxili işlər naziri olarkən miqrasiyanı buxovlamaq üçün intensiv cəhdlər etsə də, David Cameron hökumətinin müqaviməti ilə üzləşirdi.
Hər üç miqrantdan biri tələbə imiş
Bu da bildirlir ki, xarici tələbələrə aid statistikanın ümumi miqrasiya statistikasından ayrılmasına son qoyulacaq.
Britaniya Maliyyə Nazirliyinin təxminlərinə görə ötən il ölkəyə əlavə olaraq 55 min tələbə gəlməli idi. Bu, qeyri-Avropa miqrantlarının sayını 2020-ci ilədək 320 minə çatdıracaqdı.
Baş nazirin ən nüfuzlu siyasi müşaviri Nick Timothy də xarici tələbələrə Britaniya vizası verilməsi rejiminin sərtləşdirilməsinə çağırıb.
Ötən dekabrda o demişdi ki, “bizim səxavətli tələbə vizası rejimimiz miqrasiyaya nəzarəti az qala mümkünsüz edir”.
“The Telegraph” yazır ki, ölkəyə gələn və gedən tələbələrin fərqini ifadə edən “xalis miqrasiya” 2015-ci ildə 93 min olub. Ümumilikdə miqrasiyanın 335 min olduğu nəzərə alınarsa, bunun üçdə birinin tələbələr olduğu aydınlaşar. (BBC azeri)