Müxalifət bu aksiyaya təkcə partiya üzvlərini deyil, bütün narazı kütləni çıxarmaq niyyətindədir
Ictimai Palata 8 aprel mitinqini keçirmək üçün Bakı Şəhər Icra Hakimiyyətindən üç yer istəyəcəyi gözlənilir. IP mitinqi “Təbriz”, “Nərimanov” kinoteatrlarının qarşısında və 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirə bilər.
Aksiyada ölkədə siyasi, sosial, iqtisadi islahatlar aparılması, növbədənkənar parlament seçkisi keçirilməsi, əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşmaq azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlərin ləğvi, siyasi məhbusların azadlığa buraxılması tələb olunacaq.
Bəs IP BŞIH-yə nə zaman müraciət etməyə düşünür? Yaranan başqa bir sual isə IP-in aksiya keçirmək üçün təqdim etdiyi meydanlar arasına yenisini əlavə etməsidir. Söhbət martın 17-də gənclərin aksiya keçirdikləri 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançadan gedir. Belə ki, bundan əvvəl IP BŞIH-yə müraciətlərində bu məkanı aksiya keçirmək üçün göstərməmişdi.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı öncə gənclərin keçirdikləri meydanın IP-in aksiya keçirə biləcəyi məkanlar siyahısına əlavə etmək niyyətinə aydınlıq gətirdi. IP-in bundan əvvəl meriyaya müraciətlərinə müsbət cavab vermədiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, icra hakimiyyəti müxtəlif bəhanələrlə IP-in müraciəti ilə aksiyaların keçirilməsinə razılıq verməyib: “Nəticədə Ictimai Palata nəzərdə tutduğu aksiyaları keçirsə də, bu akysialarda yalnız polislə qarşıdurmaya hazır olan tərəfdarlar iştirak edirdilər. Hakimiyyətin yürütdüyü siyasətdən narazı olan təbəqənin əksəriyyəti isə bu aksiyalara qatıla bilmirdi. Yəni bu aksiyalar cəmiyyətdəki narazı təbəqəni səfərbər etməyə imkan vermirdi. Ona görə də indiki mərhələdə nəzərdə tutulub ki, aksiyalar razılaşdırılmış şəkildə keçirilsin. Dinc aksiyalara cəmiyyətin narazı təbəqələrini cəlb etmək mümkün olsun”.
F.Qəhrəmanlının sözlərinə görə, bu baxımdan IP aksiyaların keçirilməsində yeni yanaşma sərgiləyir və burada da məqsəd təkcə cəsarətli vətəndaşlarımızı deyil, yeni zamanda narazıların da mitinqdə iştirakına nail olmaqdır. Gənclərin aksiyasının kütləviliyi ilə yadda qadığını deyən F.Qəhrəmanlı bildirdi ki, bununla da sübut olundu ki, narazı şəxsləri razılaşdırılmış aksiyalara yığmaq mümkündür. Ona görə də IP-in də aksiyanın kütləviliyini təmin edəcəyinə əmin olan F.Qəhrəmanlı bildirdi ki, IP yaxın günlərdə meriyaya aksiya niyyəti ilə bağlı rəsmən müraciət ünvanlayacaq.
IP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bildirdi ki, martın 24-də KŞ-ın növbəti toplantısı keçiriləcək. Səkkiz aprel aksiyası ilə bağlı bütün açıq qalan məsələlərə məhz bu toplantıda son qoyulacağını deyən P.Hüseyn bildirdi ki, IP martın 26 və ya 27-də meriyaya müraciət etməyi düşünür. Aksiya keçiriləcək meydanlar sırasına 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanın daxil edilməsinə gəlincə isə P.Hüseyn vurğuladı ki, IP-in bundan əvvəlki müraciətləri zamanı həmin meydança bərbad vəziyyətdə olub. Hazırda isə həmin meydançada aksiya keçirmək üçün müəyyən şərait var: “Ictimai Palatanın 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı aksiya keçirmək üçün məkanlar sırasına əlavə etməsi əslində bir növ siyasi güzəşt xarakteri daşıyır. Amma bu heç də o demək deyil ki, sərbəst toplaşmaq azadlığı problemi Azərbaycanda bununla həll olunur. Ictimai Palata şəhərin digər məkanlarında aksiya keçirmək üçün əlverişli yerlərin ayrılması naminə mübarizəsini bundan sonra da davam etdirəcək”.
P.Hüseynin sözlərinə görə, gənclərin aksiya keçirdiyi meydançanın müraciətə daxil edilməsi IP KŞ-da gərgin müzakirələrdən sonra qərara alınıb. “Bu aksiya Ictimai Palatanın keçirəcəyi silsilə, çoxminli aksiyaların başlanğıcı olacaq. Biz etiraz aksiyalarını artan templə keçirmək niyyətindəyik”, deyə P.Hüseyn bildirdi.
Hikmət