İlham İsmayıl: «Azərbaycan artıq Nurçular üçün münbit ərazi deyil, buradakı hakimiyyət Ərdoğan rejiminin davamıdır»
Türkiyədə baş tutmayan dövlət çevrilişindən sonra Nurçu təriqəti ilə əlaqəli olan on minlərlə insan dövlət idarəçilyindən, müəllimlikdən, hüquq-mühafizə orqanlarından uzaqlaşdırılıb.
Hazırda hökumətin yürütdüyü siyasət hazırkı formada sərtlyi ilə davam edərsə, Gülən tərəfdarlarının ümumiyyətlə ölkəni tərk edəcəyi istisna deyil. Nurçuların kifayət qədər möhkəm olduğu ölkələrdən biri də Azərbaycandır. Ona görə Türkiyədə iş yerlərini itirənlərin Azərbaycana üz tutması nə qədər mümkündür?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayılın fikrincə, tutduqları postlardan uzaqlaşdırılan, iş yerlərini itirən Nurçular kütləvi şəkildə ölkəni tərk etməyəcəklər: “Fikrimcə, onlar ölkədə qalıb mübarizə aparacaqlar. Amma hətta onlar ölkəni tərk edəcəklərsə, belə Azərbaycana gəlməyəcəklər. Çünki Azərbaycan artıq Nurçular üçün münbit ərazi deyil. Çünki Ərdoğanın tələbləri burada da yerinə yetirilir. Əgər Türkiyədəki gülənçi tərəfdarlar Azərbaycana gəlsə və fəaliyyətlə məşğul olsa eyniylə Türkiyədəki aqibətlə üzləşəcəklər. Ona görə onların Azərbaycana getmək ehtimalı demək olar ki, yoxdur. Türkiyəni tərk edərlərsə, onlar Avropaya üz tutacaqlar. Azərbaycandakı hakimiyyət Türkiyədəki rejimin davamıdır”.
Xəyal