Yaxud, «Azərbaycan» qəzetinin əttökən tənqidi
Gözünüz aydın olsun, “Azərbaycan” qəzeti uzun illərdən sonra “tənqidi” ruhda yazı dərc edib. Həyəcanlanmayın, söhbət ölkədəki korrupsiyadan, məmur özbaşınalığından, hüquqsuzluqdan, sosial vəziyyətin ağırlığından getmir. “Azərbaycan” qəzeti daha “mühüm”, daha “cəsarətli” bir addım atıb və “Space” telekanalını tənqid edib. Yenə də həyəcanlanmayın, söhbət “Space” telekanalının efirindəki bayağı proqramların, ucuz təbliğatın tənqidindən getmir. “Azərbaycan” qəzeti ölkənin böhranlı havasını görməzdən gəlsə də, “Space” telekanalındakı “hava proqnozu”na güzəştə getməyib. Belə ki, telekanalın efirində hava haqqında məlumatı qaradərili bir xanım səsləndirir. “Azərbyacan” qəzeti də bunu görən kimi “Afrikadan gəmiş ”Azərbaycan gözəli” adlı məqalə dərc edib. Sən demə qaradərili xanımın efirə çıxarılması Azərbaycan qadınının gözəlliyinə, Azərbaycan dilinə hörmətsizlik imiş.
Bəli, ölkə tamamilə zülmətə bürünüb, bütün sahələrdə tənəzzül müşahidə edilir, təhsilin və səhiyyənin qara vəziyyəti insanı hiddətə gətirir, hər gün ölkə vətəndaşlarının intihar xəbəri eşidilir, Azərbaycanın adı bütün hesabatlarda “qara siyahı”ya düşüb və bu qədər qara bolluğunda, “Azərbaycan” qəzeti Afrikalı qara qızı hədəf seçə bilib. Tolerant, multikultural hökumətin sözüçüsü olan “Azərbaycan” qəzeti Azərbaycan qadınına hörmətsizliyi, Azərbaycan dilinə sayğısızlığı niyə qara qızın danışığında axtarır?
Əvvəla, bir qarədərilinin Azərbaycan dilini öyrənməsi və bunu nümayiş etdirməsi müsbət haldır və öz dilini bilməyənlərə nümunədir.
Ikincisi, “Azərbaycan” qəzetinin qaradərili aparıcını hədəf seçməsi, hökumətin tolerantlıq təbliğatına qara düyün vurmaqdır.
Üçüncüsü isə bu ölkədə yüksək vəzifə tutmuş adamlar var ki, 23 ildir Azərbaycan dilini öyrənə bilmir. Yüksək vəzifəlilərin əksəriyyəti rus dilində danışır və Azərbaycan dilində müsahibə verəndə gülüş obyektinə çevrilir. Bu adamların ailəsində də danışıq dili rus dilidir. “Azərbaycan” qəzeti belə dil qədri biləndirsə, niyə öz dilində danışa bilməyən naziri, komitə sədrini, deputatı tənqid edə bilmir? Bu qədər qaralığın içində gücünüz Afrikalı xanıma çatdı?
Azərbaycan qadınına hötmətsizlik, onu 150-200 manatın girovuna çevrməkdi, intihara sürükləməkdi, dünyaya gətirdiyi övlada 90 manat qiymət biçməkdi. Azərbaycan qadınının təəssübünü çəkirsinizsə, Azərbaycan kişisini aciz vəziyyətə salan idarəçiliyi tənqid edin. Çünki, o qadınların xoşbəxtliyi kişilərin ailə başçısı funksiyasını yerinə yetirə bilməsindən asılıdır.
Konstitusiyanın zorlanmasına, məhkəmələrin oyuncaq quruma çevrilməsinə, yüz milyardlarla vəsaitin ofşor hesablara daşınmasına, büdcənin mənasız layihələrin qurbanına çevrilməsinə susub, qara qızın hava proqnozu səsləndirməsinə etiraz etmək, riyakarlıqdır, qeyri-səmimilikdir.
Afrikalı qızın efirə çıxması yox, Ermənistanda minimum əməkhaqqının Azərbaycandan çox olması utancvericidir. Qara xanımın hava haqqında məlumat verməsi yox, qara qızılın 5-10 adamın cibinə axması təhlükəlidir. Xarici vətəndaşın mavi ekrandakı görüntüsü yox, xarici borcumuzun 25 milyard dollara çatması biabırçılıqdır. Afrikalı gözəlin “Space”dən boylanması yox, Azərbaycanın Afrikanın cəngəlliklərinə boylanması rüsvayçılıqdır.
Bu gün Azərbaycan Afrikalı qızdan çox qara görünür.
Bəli, “Azərbaycan” qəzeti Azərbaycandakı vəziyyəti dərin analiz etdi və problemin kökünü tapdı. Analoqsuz inkişafı dayandıran amil, Afrikalı qızın hava haqqında məlumatı imiş. “Azərbaycan” qəzeti vaxtında müdaxilə edərək, dövləti böyük bir fəlakətdən xilas etdi. O qız, hava haqqında səhv məlumat verə bilərdi və biz pencək əvəzinə palto geyinmək məcburiyyətində qalardıq.