Elçin Şıxlı: «Mətbuatın problemləri il ərzində qaldırılıb müzakirə edilsə də, vəziyyət dəyişmir»
22 iyul milli mətbuat günü yaxınlaşır. Hər il bu ərəfədə mətbuatın problemlərinin həllinə inam daha da güclənir. Çünki hökumətlə mətbuat rəhbərlərinin görüşləri intensivləşir və media əməkdaşları il ərzində çəkdikləri əziyyətin yetər ki sona yetməsinə inanmaq istəyirlər.
Bəllidir ki, məlum devalvasiya hadisələrindən sonra kağız, çap xərcləri daha da artıb. Əlavə dəyər vergisi, yayımla bağlı problemlər də mətbuatın çətin duruma düşməsinə səbəb olub. Eləcə də, metro stansiyalarında qəzet satışının dərman və gül satışıyla əvəzlənməsi mətbuata ciddi ziyan vurub. Nəticədə müstəqil qəzetlərin tirajı xeyli azalıb, tirajlı qəzetlər belə çətin bir durumla üzləşib. Hətta “Qasid” yayım firmasının taleyi bu gün qeyri-müəyyəndir. Firmanın təkcə “Azadlıq”a deyil, bir çox qəzetə borcu var. Bütün baş verənlər mətbuatın güclə ayaq üstə durmasına da imkan vermir. Mətbuat günü ərəfəsində media mənsublarının hökumətdən görəsən, hansı tələbləri olacaq? Mətbuatın bəlli problemlərinin həlli mümkün olacaqmı?
Tanınmış jurnalist Elçin Şıxlı əslində, mətbuat günü ərəfəsində medianın bəlli problemlərinin qaldırılmasında heç bir məna görmür. Onun fikrincə, mətbuatın problemləri il ərzində qaldırılsa, müzakirə edilsə də, vəziyyət dəyişmir:
“Bu elə bir prosesdir ki, hər gün və mütəmadi şəkildə həll olunmalıdır. Ona görə də mətbuat bayramı ərəfəsində konkret hansısa bir problemin qaldırılaraq həll olunmasını gözləmirəm. Proses mütəmadi olaraq gedir və onun üzərində hər gün işləmək lazımdır”.
Nigar