Gəncədə Kəlbəcər köçkünləri ilə polis arasında qarşıdurma olub
Evləri sökülən sakinlər Icra Hakimiyyətinin qarşısında mitinqlərə başlayacaq
Gəncədə “Avtozavod” adlanan ərazidə Kəlbəcərdən olan məcburi köçkünlərlə yerli icra hakimiyyəti və polis arasında qarşıdurma olub. Martın 19-da baş verən qarşıdurmaya səbəb Gəncənin icra başçısı Elmar Vəliyevin göstərişi əsasında kəlbəcərli köçkünlərin məskunlaşdığı ərazidə söküntü işlərinin aparılmasıdır.
Evlərinin, hasarlarının sökülməsinə etiraz etdikləri üçün bir neçə nəfər kəlbəcərli köçkün saxlanılıb. Saxlanılanlardan biri də keçmiş baş prokuror, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun yaxın qohumu Etibar Abbasovdur. Gəncədən aldığımız məlumatlara görə, E.Abbasovun da söküntü aparılan ərazidə əmlakı olub və o da söküntüyə etiraz edib. E.Abbasovun barəsində artıq cinayət işinin qaldırıldığı və istintaq müddəti üçün 2 aylıq həbs qərarı verildiyi deyilir.
Gəncə müxbirimiz Ərşad Ibrahimovun dediyinə görə, Kəlbəcər camaatı həmin ərazidə illərdir ki məskunlaşmışdılar: “Zakir Muxtarov adlı sakinin özünün, atasının, bacı-qardaşının evini uçurublar. ”Gülüstan” qəsəbəsi ərazisində “Azərittifaq” adlı mərkəzə məxsus bir neçə hektar ərazi var. Həmin ərazi icarə müqaviləsi ilə Etibar Abbasovun xanımına məxsus olub. Oranı əkib-becəriblər. Kəlbəcərlilər də gəlib oranı zəbt edərək, özlərinə ev tikiblər. Evləri uçurulanlar arasında Kamilə Kərimova, Tahirə Cəfərova və Mail, Əjdər adlı şəxslər də var”.
Əraziyə polis postunun qoyulduğunu deyən Ə.Ibrahimov bir neçə nəfərin saxlanılaraq Gəncə Nizami Rayon şöbəsinə aparıldığını bildirib. Sakinlər onu da bildiriblər ki, onların etirazlarına məhəl qoyulmasa, Gəncə Icra Hakimiyyətinin qarşısında aksiyalara başlayacaqlar: “Camaat deyir ki, bu illər ərzində onlara məskunlaşmaq üçün yer verməyiblər. Öz vəsaitləri hesabına evlər tikiblər, indi də həmin evləri qanunsuz adı altında sökürlər. Artıq sakinlərin çoxu Prezident Aparatına teleqramlar vuraraq etirazlarını bildiriblər. Camaat deyir ki, etirazları nəzərə alınmasa, icra hakimiyyətinin qarşısında mitinqlərə başlayacaqlar, yolları kəsəcəklər”.
İnformasiya şöbəsi