Hadisə yerinə tez çatmaq üçün maşını sürətlə idarə edən Firudin Ismayılov sonda qəzaya düşdü
Bakıda qəzaya düşən “Porsche” ilə bağlı yeni məlumatlar mediaya sızıb. Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya daxil olan məlumata görə, paytaxt ərazisində baş vermiş iki ciddi hadisənin bir-biri ilə bağlılığı olub.
Martın 16-da baş vermiş dəhşətli yol qəzasından əvvəl Bakının Nəsimi rayonu ərazisində silahlı insident olub. Saat 04 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığında 29 yaşlı Ramal Bayramov güllələnib. Naməlum şəxs ona 4 güllə atıb. Güllələrdən yalnız ikisi onun sağrı və bud nahiyəsindən yaralayıb. Məlumata görə, tərəflər arasındakı münaqişə “Infiniti” barında baş verib. Sonra söhbəti bardan çıxaraq kənarda davam etdiriblər və silah işə düşüb.
Həmin güllələnmədən təxminən yarım saat sonra Firudin Arzu oğlu Ismayılovun idarə etdiyi “Porsche” Babək prospektində qəzaya düşərək alışıb. Sürücü və maşında olan Rəşad Ibrahimov yanaraq kül olublar.
Qəza zamanı “Porsche” saatda 260 kilometr sürətlə yük maşınına çırpılıb. Onlar hadisə yerinə tələsdiklərindən maşını yüksək sürətlə sürüblər. Firudin Ismayılovun cənazəsi dəfn olunmaq üçün Naxçıvan Muxtar Respublikasına yola salınıb.