Jurnalistə söz veriblər ki, istintaq ən yüksək səviyyədə aparılacaq
Dünyanın 20-yə yaxın beynəlxalq qurumu, o cümlədən ATƏT və Avropa Şurası Xədicə Ismayılın müdafiəsinə qalxdı
“Azadlıq” radiosu”nun əməkdaşı Xədicə Ismayıl şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə bağlı cinayət işinin Baş Prokurorluq tərəfindən gec başladıldığını bildirir. Baş Prokurorluğun mətbuat xidməti isə X.Ismayılın müraciətinin quruma rəsmi olaraq martın 14-də daxil olduğunu və həmin tarixdə də Baş prokuror tərəfindən ərizədə göstərilən xüsusatların araşdırılması barədə konkret tapşırıqlar verildiyini bəyan edir. Prokurorluq bildirir ki, X.Ismayılın DIN-ə ünvanladığı eyni məzmunlu müraciəti üzrə nazirlikdən daxil olmuş araşdırma materialları eyni icraatda birləşdirilərək Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə araşdırma aparılmaqla Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə (şəxsi həyatın toxunulmazlığını pozma) cinayət işi başlanıb.
Mətbuat xidməti onu da qeyd edib ki, hazırda iş üzrə istintaq Bakı Şəhər Prokurorluğunun Istintaq Idarəsində davam etdirilir. X.Ismayıl isə dindirilmək üçün dünən şəhər prokurorluğuna dəvət olunub.
“Iş şantaj motivləri ilə də araşdırılmalıdır”
X.Ismayıl isə cinayət işinin yalnız 156-cı maddə ilə başladılmasından narazıdır: “Eldar Sultanov mənə zəng edib dedi ki, istintaq ən yüksək səviyyədə aparılacaq. Şikayətim üzrə Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə iş açılıb. Bununla tam razı deyiləm. Iş şantaj motivləri ilə də araşdırılmalıdır. Çünki mənə yazılan məktub şantaj xarakterli idi. Bunu edənlərin üzə çıxarılmasını istəyirəm. Baş Prokurorluğa bu haqda yeni məktub hazırlayıram”.
X.Ismayılo ona qarşı təşkil edilən qarayaxma və gözdənsalma kampaniyası zamanı onunla həmrəylik göstərən ictimaiyyətə və jurnalistlərə minnətdarlığını bildirib: “Qarayaxma kampaniyasından bir neçə gün sonra şəxsi həyatımla bağlı çirkin video çarxa görə məsuliyyəti üzərindən atan hakimiyyətin səmimiyyətinə inanmıram”.
Jurnalistin sözlərinə görə, hətta bir sıra hökumətyönlü KIV onun nüfuzdan salınmasına yönəlmiş kampaniyada iştirakdan imtina edib. Bu müddətdə yerli və beynəlxalq təşkilatlar, Bakıdakı xarici səfirliklər X.Ismayılı dəstəkləyiblər. Avropa Şurası və ATƏT istisnadır ki, bu da yalnız təəssüf hissi doğurur. X.Ismayıl bildirib ki, Azərbaycanı tərk etmək niyyətində deyil və ölkə prezidentinin ətrafında korrupsiya ilə bağlı araşdırmalarını davam etdirəcək: “Mən yalnız üç konfransda iştirak etmək üçün bir həftəlik xaricə gedəcəm”.
“Analoqu görünməyən iyrənc olay Azərbaycanın adına silinməz ləkədir”
Beynəlxalq qurumların X.Ismayılla bağlı etiraz bəyanatları artan xətt üzrə davam edir. “Sərhədsiz reportyorlar” təşkilatı “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıla qarşı qarayaxma kampaniyasını pisləyib. Qurumun bəyanatında deyilir ki, son olay jurnalisti susdurmaq məqsədi ilə edilən ilk şantaj deyil: “Qarayaxma kampaniyası hökumətyönlü KIV-lərin böyük dəstəyi ilə həyata keçirilir. Bu, bir neçə il əvvəl digər müstəqil jurnalistləri gözdən salmaq üçün istifadə olunan metodları xatırladır. Bu, yolverilməzdir və buna birdəfəlik son qoyulmalıdır”.
Güney Azərbaycan Televiziyasının rəhbəri Əhməd Obalının yaydığı bəyanatda da Xədicə Ismayılın şantaj olunması pislənir: “Mətbuat düşmənlərinin hədəfinə tuşlanmış jurnalist soydaşımızın şərəf və ləyaqətinin qorunması, təhlükəsizliyinin təminatı, şəxsi həyatına müdaxiləyə son qoyulması, eləcə də şantajçıların axtarılaraq həbs edilməsi birbaşa Azərbaycan hüquq-mühafizə orqanlarının öhdəliyindədir. Analoqu görünməyən iyrənc olayı Azərbaycan mətbuat tarixində silinməz ləkə kimi dəyərləndirib nifrətlə lənətləyirik. Azərbaycan hakimiyyəti, onun səlahiyyətli orqanları tezliklə cinayətkar dəstələri yaxalayıb layiqli cəzalarını verməlidir. Əks təqdirdə bu tipli olaylar Azərbaycan adına yaddaşlarda silinməz ləkə kimi qalacaq”.
“Təxribat elə düşünülüb ki, jurnalistin nüfuzuna maksimum zərər vurulsun”
“Amnesty International” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Con Dalhuzen bildirib ki, X.Ismayıla qarşı təxribat və şantaj hakimiyyətdəki korrupsiya faktlarının araşdırılması ilə məşğul olan jurnalisti gözdən salmaq üçün çirkin bir cəhddir. “Azadlıq” radiosunun məlumatına görə, Con Dalhuzen deyib ki, gizli kameranın Xədicə Ismayılın mənzilində quraşdırılması və sonradan video çəkilişin guya müxalifətə məxsus olan saytda yerləşdirilməsi hakimiyyətin buna bağlılığından xəbər verir: “Bu təxribat elə düşünülüb ki, jurnalistin nüfuzuna maksimum zərər vurulsun, mühafizəkar Azərbaycanda ətrafdakılar tərəfindən zorakılıq riskinə məruz qalsın”.
11 təşkilatdan birgə bəyanat
Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (Beynəlxalq QHT qrupu) Azərbaycanda Xədicə Ismayılın timsalında müstəqil jurnalistlərin şantaj və təhdid edilməsini pisləyib.
“Turan”ın məlumatına görə, koalisiya üzvlərinin birgə bəyanatında şantaj və təhdidin təcili və tam araşdırılması çağırışı yer alıb. Koalisiyanın koordinatoru, “Article 19″ təşkilatının icraçı direktoru Anyes Kalamar bildirib ki, X.Ismayıla qarşı çirkin kampaniyada bir məqsəd güdülür – jurnalisti tənqidi yazıların dərcinə son qoymağa məcbur etmək: ”Onu şantaj edənlər çox yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti intim xarakterli məsələlərə həssas yanaşır və başa düşürlər ki, bu, X.Ismayılın özü üçün də pis nəticə verə bilər. Azərbaycan hökuməti bu hücumların araşdırılması üçün dərhal tədbirlər görməli, bu cür təhdidlərin baş verməsini istisna edən atmosferin yaradılmasını təmin etməlidir”.
Koalisiyanın bəyanatını 11 təşkilat imzalayıb: “Article 19”, Jurnalistləri Müdafiə Komitəsi, ”Freedom House”, “Human Rights House Foundation”, “Human Rights Watch”, “Index Censorship”, Beynəlxalq Jurnalistlər Federasiyası, Media Müxtəlifliyi Institutu, Norveç Helsinki Komitəsi, “Sərhədsiz reportyorlar”, “WAN-iFRA”, “Rafto” Fondu.