Bu şəhərdə dörd bıçaq zərbəsinə «yüngül xəsarət» rəyi verən ekspert varmış…
Mingəçevir sakini Babək Allahverdiyev dövlət orqanlarının, xüsusilə yaşadığı şəhərin icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətləri barədə dəfələrlə dövlət başçısına şikayət məktubu göndərib. Amma bu məktubların heç birinə reaksiya yoxdur. Şikayətlərinin Ilham Əliyevə çatdırılmadığını istisna etməyən Babək Allahverdiyev bu dəfə “Azadlıq” qəzeti vasitəsilə Əliyevə müraciət etmək qərarına gəlib. O, prezidentə ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib.
Babək Allahverdiyev yazır ki, Şəki Apellyasiya Məhkəməsi bir bu ilin fevralında Mingəçevir Şəhər Məhkəməsinin təxminən bir il əvvəl çıxartdığı qətnaməni ləğv edib. Yeni qərara əsasən, Mingəçevirdə Elman Allahverdiyevin inşa etdiyi 270 kvadrat metr tikilidən Mehman Qarayevə məxsus daşınar əmlak çıxarılmalıdır. Ancaq məhkəmənin qərarı uzun müddət icra olunmayıb. Babək Allahverdiyev yazır ki, məhkəmə qərarının icra olunmamasının səbəbi Mingəçevirin icra başçısı Niyazi Bayramovun Mehman Qarayevi müdafiə etməsi olub.
Şikayətçinin sözlərinə görə, qanunsuzluqlar bununla bitmir: “Sözügedən qərar mayın 11-də məhkəmə icraçıları tərəfindən icra olunarkən Mehman Qarayev Eldar həmin qeyri-yaşayış sahəsinə gələrək, polis əməkdaşları və icraçıların gözü qarşısında mənim boyun, sinə nahiyəmə bıçaqla 3 dəfə, əllərimə isə bir neçə dəfə zərbə vurdu. Mən polis əməkdaşı Məftun Əhmədovun səyi nəticəsində ölümdən xilas oldum. Dərhal xəstəxanaya yerləşdirildim, üzərimdə cərrahiyyə əməliyyatı aparıldı, hazırda ambulator şəraitdə müalicə olunuram. Amma həyatıma təhlükə sovuşmayıb. Belə bir vəziyyətdə ekspert ”sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurma” barədə rəy verib.
Hadisədən sonra Mingəçevir şəhər prokuroru Azad Qarayev, polis rəisi Cavid Muradov tərəfindən lazımi tədbirlər görülməyib. Yalnız dəfələrlə DIN-nin “102″ xidmətinə müraciətlərimizdən sonra görüntü xatirinə addımlar atılmağa başladı. Icra başçısı məsələyə lazımi hüquqi qiymət verilməsinə mane olur”.
Babək Allahverdiyev onu da qeyd edir ki, icra başçısı sözügedən obyekti qanunsuz yollarla onların əlindən almaq istəyir.
Babək Allahverdiyevin bıçaqlanması ilə əlaqədar Mingəçevir şəhər Polis Şöbəsində CM-nin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Iş müstəntiq Tahir Şirinovun icraatındadır. Mehman Qarayevin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Babək Allahverdiyevin sözlərinə görə, prokuror ona deyir ki, şikayətini geri götürsə, Mehman Qarayevi onların obyektindən çıxara bilərlər: “Prokuror bildirir ki, Mehman səni öldürmək istəsəydi, daha çox bıçaq zərbəsi vurardı. Yəni prokurorun düşüncəsinə görə, 4 biçaq zərbəsi azdı…
Mən xəstəxanada müalicə olunduğum müddətdə müstəntiq çıxmağımı tələb edirdi. Sonda məcbur olub xəstəxananı tərk etdim. Aparılan araşdırmalarla bağlı mənə məlumat verilmir. Faktiki olaraq, biz gələcəkdə baş verə biləcək daha ağır cinayətlərdən sığortalanmaq üçün məcbur olub Bakı şəhərinə sığınmışıq. Bu nə özbaşınalıq, nə cür qanunsuzluqdur?”
Sosial şöbə