Asəf Quliyev: «Hər bir adam fikirləşməlidir ki, sabah onu da bu cür qanunsuzluq gözləyir»
Naxçıvanda həkimlərin depressiya nəticəsində intihara əl atan Sevindik Əhmədovu müxalifətçi olduğuna görə müalicə etməkdən imtina etdikləri barədə ötən sayımızda məlumat vermişdik. Qısaca xatırladaq ki, ağır sosial duruma dözə bilməyən S.Əhmədov çox sayda dərman qəbul etməklə intihara əl atıb. Lakin onu ağır durumda gətirildiyi Naxçıvan Psixi Xəstəliklər dispanserindən üç gün sonra müalicə almadan qovublar. Buna səbəb onun AXCP üzvü olmasıdır. Intihara cəhd etməsinin səbəblərindən danışan S.Əhmədov bildirib ki, üç uşaq atasıdır. Övladları tələbə, həyat yoldaşı və anası isə şəkər xəstəsidir :”Ixtisaslı mühəndisəm, müxalifətçi olduğum üçün iş verilmir, iş istəyəndə süpürgəçilik təklif edilir. Dolanışıq yox, indiyə kimi qohumlar əl tutub. Odur ki, intihara əl atdım”.ÿS.Əhmədov xəstəxanada olarkən ailə üzvləri Naxçıvan MTN-inə çağırılaraq təzyiqə məruz qalıblar.
AXCP sədrinin müavini, partiyanın Naxçıvan şöbəsinin keçmiş sədri Asəf Quliyev bütün bunların Naxçıvan üçün xarakterik olduğunu deyir: “Əslində əsas problem Naxçıvandakı mövcud rejimin insanlara münasibətidir. Şübhəsiz ki, müxalifətçilərə qarşı münasibət daha pisdir. Məsələn, əgər cəbhəçisənsə, nə sənə, nə övladlarına iş veriləcək. Biz bütün bunları yaşamışıq. Dövlət orqanlarının göstərişi var ki, AXCP üzvləri xüsusi nəzarət altında saxlanılmalıdır. Onların gündəlik həyatı, hətta müalicəsi də nəzarətdə olur. Yadınızdadırsa, iki il əvvəl rəhmətlik Rza Nuriyev dünyasını dəyişmişdi. Həmin vaxt həkim bilməmişdi ki, bu adam AXCP-nin Culfa şöbəsinin sədridir. Onu müalicə etmiş və sənəd vermişdi ki, bu adam həqiqətən ağ ciyərindən zədə alıb və ölümü də həmin zədəyə görədir. Həqiqəti bilinəndən sonra o sənədlərin hamısını yox elədilər. Naxçıvanda bu cür hadisələr həddən artıq çoxdur”.
A.Quliyev hesab edir ki, Quba hadisələri insanların hakimiyyətə münasibətinin bir göstəricisi idi. Və hakimiyyət Naxçıvan məsələsində də bu məqamı unutmamalıdır: “Artıq Naxçıvanda da insanlar başa düşür ki, dünyada gedən proseslərdə dəyişiklik var. Hesab edirəm ki, bütün naxçıvanlılar öz narazılıqlarını və sözlərini açıq şəkildə bildirməlidilər. Bu cür problemlər hər bir naxçıvanlının başındadır. Hər bir adam fikirləşməlidir ki, sabah onu da bu cür qanunsuzluq gözləyir. Buna bir son qoymaq üçün hakimiyyətə qarşı mübarizədə birləşməlidilər.