Nazim Ibrahimovun sədr olduğu qurum Elmar Məmmədyarova tabe etdirilir
Yaxın günlərdə Diasporla Iş üzrə Dövlət Komitəsi ləğv olunacaq və onun yerinə Xarici Işlər Nazirliyi tərkibində Diasporla Iş üzrə Agentlik yaradılacaq. Bu barədə milaz.info portalına XIN-dəki mənbə məlumat verib. Əgər bu dəyişiklik baş tutarsa, o zaman komitə rəhbəri Nazim Ibrahimov xarici işlər naziri Elmar Məmmədyarova tabe olacaq.
Məsələyə aydınlıq gətirmək üçün XIN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevlə əlaqə saxladıq. Amma E.Abudallayev gün ərzində dəstəyi götürmədiyindən sualımıza cavab ala bilmədik.
AXCP sədrinin müavini Razi Nurullayevdən Diasporla Iş üzrə Dövlət Komitəsinin fəaliyyətinin nə dərəcədə zəruri olduğunu öyrəndik. R.Nurullayev bildirdi ki, dünyada Azərbaycanda mövcud olan Diasporla Iş üzrə Dövlət Komitəsi kimi ikinci bir qurum yoxdur. Dünya praktikasında bir qayda olaraq bu cür fəaliyyətin XIN vasitəsilə tənzimləndiyini deyən R.Nurullayev vurğuladı ki, ictimai təşkilatlar və beynəlxalq qurumlar bu istiqamətdə səylərini birləşdirirlər: “XIN səfirliklər vasitəsilə nəzarətində olan ictimai qurumlar arasında əlaqə yaradır, onların vahid siyasət üzrə hərəkət etməsini təmin edir. Ona görə düşünürəm ki, bu baxımdan Diasporla Iş üzrə Dövlət Komitəsinə heç bir ehtiyac yoxdur. Onun işini tam formada Xarici Işlər Nazirliyi görə bilər”.
Diasporla Iş üzrə Dövlət Komitəsinin qarşısına qoyduğu vəzifələrə bu illər ərzində tam nail olmadığını deyən R.Nurullayev vurğuladı ki, komitənin ləğvi eyni zamanda dövlət büdcəsini əlavə xərclərdən də xilas etmiş olacaq. R.Nurullayevin fikrincə, Diasporla Iş üzrə Dövlət Komitəsinin XIN-ə tabe edilməsi dünyadakı diaspor fəaliyyətinə müsbət təsir edə bilər.
Hikmət